“Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşündə İrəvanda baş verən siyasi proseslər müzakirə olunub. Çünki Kreml ona bağlı olan “Qarabağ klanı”na qarşı Paşinyanın siyasi hücumlarını qəbul etmir və buna son qoymağı tələb edir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Putinin Paşinyanın iqtidarını qəbul etmədiyini deyən ekspertin sözlərinə görə, Rusiya başçısı qiyamçı baş naziri devirməyə, yaxud hakimiyyətini zəiflətməyə çalışır:
“Artıq Ermənistan Rusiya ilə ticarəti rublla həyata keçirəcək. Göründüyü kimi, Putin bu təklifi Paşinyana qəbul etdirib. Bizi maraqlandıran əsas məsələ isə Qarabağ münaqişəsidir. Hesab edirəm ki, Kreml üçün Qarabağ məsələsi aktual deyil. Buna görə də Putin Paşinyanla bu məsələni müzakirə etməyi lazım bilmir.
Paşinyana lap əvvəldən Qarabağla bağlı heç bir güzəştin olmayacağı mesajı verilib. Bu, Moskvanın “qırmızı xətt”idir. Paşinyan Moskvasız güzəştə gedərsə, onun aqibəti digərləri kimi ola bilər. Buna görə də Paşinyan həllə hazır olmadığını fürsət düşdükcə nümayiş etdirir”.
Məhəmməd Əsədullazadə bildirib ki, hazırda danışıqlar fiaskoya uğrayıb və rəsmi Bakı hərbi təzyiqləri artırmaqla danışıqların yeni mərhələsinə start verə bilər.