8 İyun 2019 09:05
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini təhvil alması həm NATO, həm də ABŞ üçün kifayət qədər prinsipial məsələdir. NATO üzvü bu təşkilatın prinsiplərinə uyğun gəlməyən addım ataraq Rusiyadan hava hücumundan müdafiə sistemləri alır. Bu sistemlər NATO standartlarına uyğun deyil.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib .

Onun sözlərinə görə, S-400 komplekslərinin NATO daxili hərbi sirləri Rusiyaya çatdırma ehtimalı var: “Çünki onun radar sistemləri çalışarkən, bəzi məlumatları Rusiya tuta bilər. Bu nöqteyi-nəzərdən NATO mütəxəssisləri deyir ki, bu qurğu NATO sərhədləri içərisində agentura funksiyası yerinə yetirə bilər, bu səbəbdən NATO-nun silahlar sisteminə daxil edilməməlidir. Lakin Türkiyə məsələnin bitdiyini bəyan edir. Türkiyə 2,5 milyard dolların yarısını ödəyib və mal təhvil veriləndən sonra qalan məbləğ ödəniləcək”.

Politoloqun fikrincə, Türkiyə fikrindən daşınmasa, müxtəlif məhdudiyyətlərlə üz-üzə qalacaq: “Məsələ çox gərgindir, Türkiyə üçün arzuolunan situasiya yaranmayacaq”.

Qabil Hüseynli qeyd edib ki, Yaponiyada keçiriləcək G20 zirvə görüşü çərçivəsində Türkiyə və ABŞ prezidentlərinin görüşü keçirilə və S-400 kompleksləri ilə bağlı yaranan situasiya müzakirə edilə bilər: “Həmin görüşdə razılıq əldə edilməsə, onda gərginlik artacaq, Türkiyəyə qarşı bir-birinin ardınca həm ABŞ-ın, həm də NATO ölkələrinin təzyiqi başlayacaq. Hətta gündəmə Türkiyənin NATO üzvlüyündən çıxarılması da daxil olmaqla son dərəcə radikal addımların atılması gələ bilər”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər