7 İyun 2019 20:15
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin iyunun 5-6-da İngiltərə və Fransada İkinci Dünya Müharibəsində ikinci cəbhənin açılmasının 75-ci ildönümünə həsr olunmuş və Qərb liderlərinin iştirak etdikləri tədbirlərə dəvət edilməməsi şübhəsiz ki, Moskva ilə Qərb arasında xüsusən son illərdə yaranmış gərginliklə bağlıdır. Bu gərginliyin müxtəlif istiqamətləri – Suriya və Qafqazla, daha doğrusu Gürcüstanla bağlı olan hissəsi var. Amma son dövrlərdə daha aktual olan hissəsi Rusiyanın Ukrayna ilə bağlı yürütdüyü siyasət və Qərbin buna kəskin reaksiya verməsi təşkil edir.

Bunu Teleqraf.com saytına açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri, siyasi ekspert Araz Aslanlı bildirib.

O qeyd edib ki, Rusiyanın Ukrayna və Gürcüstana etdikləri Qərbin siyasətinə cavab kimi idi:

“Qərb də 75 il əvvəl bir yerdə qazandıqları uğurla bağlı tədbir keçirir və bu tədbirə Rusiyanı dəvət etmir. Həmin hadisə, yəni Normandiyaya desant çıxarılması SSRİ ilə Qərbin faşist Almaniyasına qarşı ikinci cəbhə açması idi. Yəni, o hadisə Qərbin və SSRİ-nin faşizmə – ümumi təhlükəyə qarşı birlikdəliyinin növbəti simvolu idi. İndi isə Qərb liderləri özlərini Rusiya ilə ortaq təhlükəyə qarşı bir cəbhədə görmürlər. Rusiyanı fərqli cəbhədə, fərqli qütbdə görürlər və bərabərhüquqlu tərəfdaş kimi görmək istəmirlər. Bu onların məsələyə yanaşmasıdır. Yəni, Rusiyaya bu baxımdan da verilən mesajdır ki, sadəcə ABŞ yox, onun Avropadakı müttəfiqləri də özlərini Rusiya ilə fərqli cəbhədə görür”.

A.Aslanlı daha sonra deyib:

“Bu məqamı ona görə qeyd edirəm ki, ABŞ-la Rusiya arasında fikir ayrılığı yarandığı bəzi məqamlarda Almaniya və Fransa Rusiyaya yaxın mövqe nümayiş etdirir. Amma hazırkı konyuktura sadəcə ABŞ-ın deyil, Qərbin aparıcı dövlətlərinin birlikdə Rusiyaya vermək istədiyi mesajdır. Bu konyuktura Rusiya rəsmilərinin ümumiyyətlə Qərbə qarşı səsləndirdikləri ifadələrə, Qərblə münasibətləri xüsusilə inkişaf etdirən dövlətlərə qarşı mövqeyinə və keçmiş sovet məkanındakı, həmçinin Şərqi Avropadakı sosialist blokdakı ölkələrə münasibətdə Rusiyanın atdığı addımlara qarşı Qərbin verdiyi reaksiyanın davamıdır. Yəni, ilk reaksiya deyil. Sadəcə bu reaksiyanın daha ciddi şəkildə davamıdır. Faşizmə qarşı birgə mübarizəni belə bir yerdə qeyd etmirlərsə, demək aralarında kifayət qədər ciddi fikir ayrılıqları var”.

Qeyd edək ki, Rusiya Prezidenti 2004-cü ildən bəri ilk dəfə olaraq İkinci Dünya Müharibəsində ikinci cəbhənin açılmasına həsr olunmuş tədbirlərə dəvət olunmayıb. 2014-cü ildə – Krımın ilhaqından cəmi bir neçə ay sonra keçirilən tədbirlərə isə Rusiya lideri dəvət edilmişdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər