Son illərin ən çox izlənilən seriallarından olan “Çernobıl”da rolu canlandırılan SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov serialda səslənən bir epizodla bağlı bəyanat verərək, bildirib ki, o, belə bir göstəriş verməyib. Nəzərə alsaq ki, Qorbaçov bir çox məsələlər, o cümlədən hakimiyyəti dövründə Azərbaycanla bağlı verdiyi bir sıra göstərişlər barədə bir qayda olaraq susur, onda onun bu məsələdə operativliyi təəccüb doğurur.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, buna misal olaraq Azərbaycan xalqının dəyərli nümayəndəsi Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılması, bundan az sonra M.Qorbaçovun dəstəyi ilə Ermənistanın və erməni millətçi dairələrin Azərbaycan torpaqlarına iddiası və nəticədə indiyə qədər davam edən Dağlıq Qarabağ münaqişəsi, 1990-cı ilin 20 yanvarında onun göstərişi ilə Bakıya qoşun yeridilərək bir gecədə 170 nəfərin öldürülməsi, 700-800 nəfərin yaralanması və bir çox digər cinayətləri göstərmək olar:
“Qorbaçov “Çernobıl” serialındakı bir epizoddan fərqli olaraq, Azərbaycan xalqına qarşı cinayətlərini təkzib edə bilmir”.
Qeyd edək ki, 5 seriyadan ibarət “Çernobıl” tarixi serialı ABŞ-ın HBO telekanalı ilə Böyük Britaniyanın “Sky” teleşəbəkəsi tərəfindən birgə istehsal olunub. Serialın yaradıcısı və ssenari müəllifi Kreyq Mazin, rejissoru Yohan Renkdir. Ekran işi 26 aprel 1986-cı ildə Çernobıl AES-də baş vermiş qəzadan, əhalinin qəza bölgəsindən köçürülməsindən, həmçinin qəzanın nəticələrinin aradan qaldırılmasından və onun başvermə səbəblərinin aydınlaşdırlmasından bəhs olunur. Baş rollarda Cared Harris, Stellan Skarsqord, Emili Vatson və Pol Ritter çəkilib. “Çernobıl”ın premyerası mayın 6-da ABŞ-da, mayın 7-də isə Böyük Britaniyada baş tutub.
Serial kino tənqidçilərdən və tamaşaçılardan böyük qiymət alıb.