10 İyun 2019 16:07
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə cəmiyyətində bələdiyyələrin sərbəst əlaqələr qurması normal qarşılanır. Yerli problemlərin həlli istiqamətində bələdiyyələrin qonşu ölkələrə önəm verməsi başadüşüləndir. Amma Qars bələdiyyəsinin Ermənistandan gələn nümayəndə heyətini qəbul etməsi, onlara isti münasibət sərgilənməsində məqsəd başqadır. Qarsda və İqdırda daha çox PKK yönümlü qüvvələrin bələdiyyələri qazanması, onların ermənilərlə işbirliyi içində olması ehtimalı ciddi təhlükədən xəbər verir. Odur ki, biz məsələyə cavabımızı gecikdirməməliyik.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Fazil Mustafa Qars bələdiyyəsinin Ermənistandan gələn nümayəndə heyəti ilə müzakirələr aparmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Türkiyənin Ermənistanla diplomatik əlaqələr saxlamadığı müddətcə bir bələdiyyənin ermənilərlə müzakirələr apardığını Türkiyə rəsmilərinin diqqətinə çatdırmalıyıq: “Çünki bu bizi də düşündürən və narahat edən məsələdir. Bu baxımdan baş verən hadisəyə biganə qalmaq olmaz. Hər halda xəbərin ictimailəşməsində, bu məsələdə şübhəli məqamların aydınlığa çıxmasında maraqlıyıq. Bunu tələb edən, sorğulayan istiqamətdə addımlar atmağımız vacibdir”.

Fazil Mustafa əlavə edib ki, Türkiyənin rəsmi mövqeyində Ermənistana bir qədər yumşaq münasibət var.

Onun sözlərinə görə, Ermənistandan Türkiyəyə gedən miqrantların iş tapıb yaşaması məlumdur: “Türk rəsmiləri də bunu etiraf edib. Sanki bu məsələdə bir yaşıl işıq yandırılması kimi yanaşma var. Qars bələdiyyəsi də bunu əsas götürə bilər. Ancaq erməni mühacirlərin Türkiyədə işləməsinə şərait yaradılması niyyət olaraq Azərbaycanın əleyhinə addım kimi düşünülmür. Türkiyə ciddi mövzularda Azərbaycana dəstək verir. Hərbi təlimlər keçirilir, biz bir-birimizə güvənən qardaş ölkələrik.

Məhz bələdiyyələrin niyyətinin sağlam olmadığı ortadadır. Biz bunun üzərində düşünməliyik. Yəni bunun bizim maraqlarımıza qarşı yönəlib-yönəlmədiyi aydınlığa çıxmalıdır”.

Qars və İqdırda çoxlu sayda azərbaycanlının yaşadığına, amma onların bələdiyyə seçkilərində fəal olmadığına diqqət çəkən Fazil Mustafa bildirib ki, sayın çox olmasının ciddi əhəmiyyəti yoxdur: “Cənubi Azərbaycanda 25-30 milyon azərbaycanlı var. Millət ideyasız vakuumunda sayla dolaşması əhəmiyyət daşımır. 100 nəfər böyük ideya ilə 5 milyon insana dərs deyə bilər. Necə ki İsrail bir ideya ilə ərəb dünyasına diktə edə bilər. Milli ideya və davada toparlanma mümkün olsaydı, heç PKK-ya simpatiyası olan partiya bələdiyyə seçkilərində qalib gəlməzdi. İsa Yaşar Tezel son seçkilərdə İqdırda namizəd idi. Necə olur ki, azərbaycanlı qazana bilmir, amma onlar toparlanıb qazanır? Deməli, bu özümüzlə bağlı məsələdir. Biz daha fəal olmalıyıq”.

Xatırladaq ki, Ermənistan hökuməti yanında idman, mədəniyyət və turizm təşkilatının keçmiş rəhbəri İşxan Zakaryan başda olmaqla bir qrup erməni ictimai xadimin Qars şəhəri bələdiyyəsi tərəfindən qəbul edilib.

Heyətdə Zakaryanla yanaşı YerevanDövlət Universitetinin tarix fakültəsinin dekanı Edik Minasyan, fakültənin dosenti Aşot Soqomonyan və digərləri də təmsil olunub.


Müəllif: Cavad