11 İyun 2019 09:10
1 456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycan-Ermənistan cəbhə xəttində vəziyyətin gərginləşməsi, işğalçı erməni ordusunun Azərbaycan əsgərlərini hədəfə alması ciddi narahatlıq yaradır.

Xatırladaq ki, iyunun 9-da düşmən ordusu Tərtər istiqamətində Azərbaycan ordusunun əsgəri Elşən Xəlilovu şəhid edib. Bundan əvvəl isə Ağdam istiqamətində düşmən snayperi Azərbaycan Ordusunun zabiti, mayor Aqil Omarovu vurub.

Mayorun vurulmasından sonra düşmən tərəf açıqladı ki, iyunun 1-də təmas xəttinin Xocavənd istiqamətində əsgər Sipan Melkonyan Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə vurulub. Ermənistan Müdafiə Nazirliyi bu hadisəyə görə “qisas alınacağını” bəyan edib. Ermənistanın müdafiə naziri David Tonoyan təmas xəttinin Tərtər istiqamətində Azərbaycan əsgərinin vurulması üçün şəxsən əmr verdiyini təsdiqləyib. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, David Tonoyan “Azərbaycan Silahlı Qüvvələrinin açdığı atəşlə vurulmuş hərbi qulluqçu Sipan Melkonyanın ölümünə görə cəza tədbirlərini həyata keçirən” hərbçilərə yüksək mükafatlar təqdim edib. Cəbhə xəttində erməni tərəfinin təcavüzkar əməlləri deyilənlərin təsadüfi olmadığını ortaya qoyur.

Xatırladaq ki, Azərbaycan hərbçilərinin vurulması ilə bağlı məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi sərt reaksiya verib. Nazirliyin bəyanatında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməlin münaqişənin həlli üzrə aparılan danışıqları məhv etməyə və bölgədə gərginliyi artırmağa xidmət etdiyi bildirilir. Əlavə edilir ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir.

Yaranan durumu Teleqraf.com-a şərh edən hərbi ekspert Azad İsazadə deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın ilk görüşlərindən sonra Paşinyan birbaşa rabitə yaratmaq haqqında danışıb: “İstər Azərbaycan, istər Ermənistan, istərsə də Rusiya hərbi ekspertləri təsdiq edirdilər ki, son zamanlar cəbhə zonasında atəşlər azalmışdı. Sonradan məlum oldu ki, Azərbaycan prezidenti ilə Ermənistan baş naziri arasında birbaşa rabitə yoxdur, amma Müdafiə Nazirlikləri arasında kontaktlar var və atəşkəsi qoruya bilirlər. İndi baş verənlər göstərir ki, bu razılaşma işləmir. Bunun da bir neçə səbəbi ola bilər. Səbəblərdən biri Qarabağın özündə gedən siyasi proseslərdir. Separatçı rejimdə qondarma “seçkilər” olmalıdır və Paşinyan çalışır ki, burada öz adamlarını hakimiyyətə gətirsin. Odur ki, indi Paşinyanla Qarabağ “elitası” arasında gərgin qarşıdurma var. Güman ki, bu atışmalar da daxili proseslərlə bağlıdır. Yəni Qarabağ separatçıları nümayiş etdirir ki, burada vəziyyətə biz nəzarət edirik və Paşinyan heç nəyi təkbaşına həll edə bilməyəcək. Yəni separatçılar Yerevana “bizi də faktor kimi qəbul etdin” mesajı göndərir”.

Bununla belə hərbi ekspert Ermənistan müdafiə nazirinin cəbhədə Azərbaycan ordusunun əsgərlərinin vurulması haqda əmr verməsinin anlaşılmaz olduğunu bildirir: “Nazir Tonoyan Paşinyan komandasının üzvüdür. Onun bu addımı Paşinyanın rəsmi siyasətinə zərbədir. Sözsüz ki, belə əmr vermək olar, amma bunu bəyan etmək başqa bir reallıqdır. Əvvəllər də belə əmrlər verilirdi, ancaq bu açıq deyilmirdi”.

Azad İsazadə deyib ki, erməni tərəfinin bu addımlarının guya Sipan Melkonyanın vurulmasının “intiqamı” kimi təqdim edilməsi də biabırçı yanaşmadır: “Bundan əvvəl Azərbaycan ordusunun mayoru şəhid edilib. Onda belə çıxır ki, bu vəziyyət heç vaxt dayanmayacaq? Nəzərə alın ki, tərəflər hər zaman hansısa hadisəyə istinad edə bilər. Bu da gedib çıxacaq 1988-ci il olaylarına və s. Sözsüz ki, haradasa dayanmaq lazımdır. Əgər dayana bilmirlərsə, cavablarını alacaqlar, Azərbaycan üçün problem yoxdur. Digər tərəfdən, əgər Ermənistan müdafiə nazirinin əsgərlərimizi öldürməklə bağlı qərarı varsa, Azərbaycan danışıqları dayandıra bilər. Yəni Azərbaycanın əlində Ermənistanın müdafiə nazirinin əmri var. Bu rəsmi olmasa da, mətbuatda yazılandır. Yalnız buna görə biz danışıqlar prosesindən çıxa bilərik. Çünki qarşı tərəf əmr verir ki, cəbhədə əsgərləri öldürün. Bu halda onların cavabını istədikləri şəkildə verəcəyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər