Həmsədrlərin regiona səfəri zamanı Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələri atəşkəsi pozaraq bir zabitimizi şəhid eləmişdi, iki ölkənin xarici işlər nazirlərinin görüşü ərəfəsində dünən bir hərbçimiz şəhid oldu. Ermənilərin hərəkəti məntiqlə o deməkdir ki, heç kəsə baxmadan öz bildiyimizi etmişik, edirik və edəcəyik. Onların qarşısını almaq üçün yeganə yol var, Azərbaycan ordusu hərbi təlimləri müharibəyə çevirməlidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması faktına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, müxtəlif bəyanatlar, danışıqlar, qətnamələr vaxt udmaq, işğal olunmuş torpaqlarda daha da möhkəmləmək üçün ermənilərin xeyrinə işləyən hallardır: “ Düşməni darmadağın edib ərazilərimizdən çıxarmaqdan başqa yol yoxdur. Vaxt uzandıqca ermənilər Azərbaycan torpaqlarında xaricdən köçürülüb gətirilənlər hesabına daha çox məskunlaşırlar. Öz izlərini torpaqlarımızda daha çox salırlar, kilsələr tikirlər, bizim izlərimizi tamamilə silib atırlar. 1992-ci ildən, işğaldan sonra həmin ərazilərdə yaşayan və doğulan şəxslər beynəlxalq təşkilatlara pasportlarını göstərirlər ki, bizə işğalçı deyirlər, baxın, biz Laçında, Kəlbəcərdə doğulmuşuq. Təbii ki, rayonlarımızın da adını dəyişiblər. Status-kvonun qorunub-saxlanması, bizi uzana-uzana gedən danışıqlara çəkmək, görüşlər, danışıqlar tamamilə bizim ziyanımıza, ermənilərin xeyrinə işləyən faktordur”.
Elman Məmmədov qeyd edib ki, iki ordu üz-üzə dayanıb və Azərbaycan əsgəri də düşmənin layiqi cavabını verir: “Onlar açıqlamasa da hərbçilərimiz erməniləri cəhənnəmə vasil edir. Bu proses son qələbəyə, düşmən torpaqlarımızdan çıxarılana qədər davam edəcək. Bunu isə danışıqlar, qərar və ya görüşlər həll edə bilməyəcək, ancaq hərbi güclə həll olunacaq”.