11 İyun 2019 15:50
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağdakı separatçılarla Baş nazir Nikol Paşinyan arasındakı münasibətlərin gərginləşməsi ona dəlalət edir ki, “Qarabağ klanı”nın ictimai-siyasi proseslərə təsir imkanları güclüdür”.

Bunu Teleqraf.com-a politoloq Elşən Manafov deyib.

Ekspertin fikrincə, sabiq prezident Robert Köçəryanın həbsdən azad edilməsinin arxasında hüquqdan çox, geosiyasi maraqlar var:

“Bunu Paşinyan iqtidarı da başa düşməmiş deyil. Paşinyan nəinki Qarabağda, heç Ermənistanın özündə gedən proseslərə nəzarət etmək iqtidarından deyil. O, ölkə üzərindəki nəzarət imkanlarını tədricən itirmək üzrədir. Bunun da əsas səbəbi Paşinyanın hakimiyyətdə olduğu dövrdə ölkənin getdikcə ağırlaşan sosial-iqtisadi durumunun qarşısını alacaq və əhalinin sosial rifahını yaxşılaşdıracaq islahatlar aparmaması ilə bağlıdır. O, islahatlarla bağlı daha çox görüntü yaratmağa çalışır, lakin seçiciləri aldatmaq mümkün deyil.

Paşinyanın “Qarabağ klanı” ilə mübarizədə insanlara müraciət etməsi göstərir ki, o, hələ də küçə faktoruna istinad edən siyasətçidir, hakimiyyətin onun üzərinə qoyduğu məsuliyyəti hələ dərk edə bilmir”.

Elşən Manafovun sözlərinə görə, Nikol Paşinyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret mövqeyi və planı yoxdur:

“O, sadəcə olaraq, danışıqları danışıqlar naminə aparır, bu da imitasiya xarakterli mövqedir. Paşinyan məsuliyyəti xalqın üzərinə atmaq istəyir. Üstəgəl, Rusiya ilə gərginləşən münasibətlər Paşinyanın vəziyyətini bir qədər də pisləşdirir. Vladimir Putinin onunla görüşməkdən imtina etməsi, Dmitri Medvedyevlə görüşdə ona qeyri-ciddi yanaşması göstərir ki, Kreml Paşinyana etibar etmir və ehtiyatla davranır. İstər Avrasiya Birliyi, istərsə də KTMT daxilində Ermənistana münasibət dəyişməkdədir. Ermənistan iqtidarının özü də bunu görür.

Hesab edirəm ki, Ermənistanda hakimiyyət uğrunda mübarizə qabaqdadır. Paşinyanın partiyasının son seçkilərdə qalib gəlməsi onun ölkəyə nəzarətə əl alması demək deyil. “Qarabağ klanı”nın həm orduda, həm də hüquq mühafizə orqanlarına təsir imkanları qalır. Üstəgəl, bu klanın arxasında Rusiyanın xüsusi xidmət orqanları durur”.

Politoloq erməni baş nazirin əsas diqqətini Qərbə yönəltdiyini deyib:

“Çünki o, Sorosun maliyyə dəstəyi ilə hakimiyyətə gəlmiş adamdır. Amma Qərb Paşinyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi halda, vəd etdiyi kreditləri ayırmayacaq. Bu vəziyyətdə Paşinyan hakimiyyətini qoruyub-saxlaya bilməyəcək. İqtisadi problemlərin həlli, seçiciləri öz tərəfinə çəkmək məqsədilə və “Qarabağ klanı” ilə mübarizənin kəskinləşdiyi şəraitdə bu pullar Paşinyan üçün vacibdir.

Amma Qərb bu kreditləri hələ də ayırmır. Üstəgəl, Rusiya ilə münasibətlərin kəskinləşməsi və hakimiyyət uğrunda mübarizənin yeni mərhələyə qədəm qoyması göstərir ki, Paşinyanı çətin və sürpriz sınaqlar gözləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər