“Türkiyənin müdafiə naziri Hulusi Akarın Azərbaycana səfəri iki hissədən ibarət oldu. Hulusi Akar əvvəlcə Naxçıvanda azərbaycanlı həmkarı Zakir Həsənovla “Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş təlimlərini müşahidə etdi. Təlimlər 4 gün davam etdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Türkiyə ordusu artıq Naxçıvanda yerləşib, sadəcə bunu rəsmiləşdirmək lazımdır:
“Onsuz da ermənilər də açıq deyirlər ki, Türkiyənın Naxçıvanda hərbi varlığı onlarda şübhə doğurmur və son hərbi təlimlər Ermənistana qarşı yönəlib. Bu fikirdə həqiqət ondan ibarətdir ki, Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirdiyi birgə hərbi təlimlər Ermənistanı Naxçıvana qarşı mümkün təxribatlardan çəkindirməlidir. Türkiyənin Naxçıvanda hərbi bazası məhz ona görə Azərbaycan üçün vacibdir ki, Dağlıq Qarabağ və ətraf rayonların azad olunması uğrunda hərbi əməliyyatın başlanması halında Naxçıvanın təhlükəsizliyi tam təminat altında olmalı və Naxçıvana əlavə hərbi qüvvələrin göndərilməsinə ehtiyac qalmamalı, həmin qüvvələr işğal altındakı ərazilərin ətrafında cəmləşməlidir.
Ermənistan da eyni siyasətdən çıxış edir. Ermənistanın Türkiyə və İranla sərhəddini Rusiya qüvvələri qoruyur. Bu da Ermənistana imkan verir ki, qoşunlarının əsas hissəsini Dağlıq Qarabağda və Azərbaycanla sərhəd boyu yerləşdirsin”.
Elxan Şahinoğlu qeyd edib ki, Hulusi Akar Azərbaycana səfərinin ikinci mərhələsində Qəbələyə gəldi:
“Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafizə nazirlərinin görüşü keçirildi. Qəbələdə Azərbaycanın və Türkiyənin müdafiə nazirləri ikitərəfli danışıqlar apardılar. Zakir Həsənov bir daha qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub, bu əlaqələr gündən-günə inkişaf edir və möhkəmlənir.
Zakir Həsənov daha sonra Qəbələyə gələn Gürcüstanın müdafiə naziri Levan İzoriya ilə görüşüb. Zakir Həsənov bu görüşdə də önəmli fikirlər söyləyib. Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığının regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə diqqət çəkən Zakir Həsənov NATO ilə əməkdaşlığı da unutmayıb”.
Gürcüstaınn NATO üzvü olmaq istədiyini deyən politoloq bildirib ki, Azərbaycanın belə bir hədəfi hələ ki, yoxdur:
“Buna baxmayaraq, Zakir Həsənov iki ölkənin NATO proqramlarında birgə iştirakına diqqət çəkir, o cümlədən boru xətlərinin birgə qorunması vacibliyini vurğulayır. Boru xətlərinin qorunması məsələsində də Azərbaycanla Gürcüstanın NATO-nun imkanlarından istifadəsi nəzərdə tutula bilər. Bu isə o deməkdir ki, Azərbaycanın müdafiə naziri gürcü həmkarı kimi NATO ilə səx inteqrasiyanın tərəfdarıdır. Qəbələdəki ikitirəfli və üçtərəfli görüşlər həm də ona görə vacib idi ki, rəsmi Tbilisi Azərbaycanla strateji münasibətlərə diqqət yetirsin, bu əməkdaşlığa xələl gətirən adımlardan çəkinsin. Çünki, rəsmi Tbilisinin Azərbaycan və Türkiyə ilə artan hərbi əməkdaşlığı birinci növbədə Gürcüstanın maraqlarına xidmət edir”.