13 İyun 2019 09:11
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı bizim gənclik illərimizə təsadüf edir. Biz o dövrdə ölkədə cərəyan edən hadisələrin əyani şahidi olmuşuq.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.

O qeyd edib ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda yaşanan xaos və özbaşınalıq ölkənin ikinci dəfə qazandığı müstəqilliyin əldən getmək təhlükəsi ilə üzləşməsinə gətirib çıxarmışdı:

“O günlər hər bir birimizin xatirindədir və yaddaşımıza əbədi həkk olunub. O dövrdə ölkə iqtisadiyyatı demək olar ki, məhv olmuşdu. Halbuki, hər bir ölkəyə, o cümlədən yenicə müstəqillik qazanmış ölkəyə güclü iqtisadiyyat lazım idi ki, o ölkə hansısa addım ata bilsin. Ancaq hakimiyyətə gəlmiş qüvvələrin səriştəsizliyi və təcrübəsizliyi o iqtisadi əsasların yaradılmasına qadir deyildi. O vaxt hakimiyyətə gəlmiş insanlar öz maraqlarını dövlətin, xalqın maraqlarından üstün tutduqları üçün xalqla birlik yarada bilmədilər. Ona görə də daxili ziddiyyətlər günü gündən artır, dərinləşirdi. Ölkədə yaranmış xaos, özbaşınalıq vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Bölgələrdə parçalanma baş verirdi. Yeni silahlı qruplaşmalar meydana çıxmışdı. Hərə öz marağına uyğun hərəkət edirdi. Belə bir acınacaqlı vəziyyətdə hakimiyyətdə ölkənin gələcək taleyini düşünən şəxs yox idi. Ölkəni düşünən və ölkəni düşdüyü vəziyyətdən çıxara biləcək yeganə şəxs isə ulu öndər Heydər Əliyev idi”.

A.Badamov qeyd edib ki, ölkə ziyalıları hələ 1992-ci ilin oktyabrın 24-də ulu öndərə müraciət edərək onu aktiv siyasi həyata qoşulmağa səsləmişdilər:

“Ulu öndər təbii ki, bu müraciəti qəbul etdi. Vətənin düşdüyü ağır günündə o yükü öz boynuna götürərək 1993-cü ilin iyunun 9-da Bakıya qayıtdı. Məhz ulu öndərin Bakıya qayıdışı müstəqil Azərbaycanın həyatında yeni səhifə açdı. Bütün xaosa, özbaşınalıqlara son qoyuldu. Ölkədə dövlətçiliyin əsasları yaradıldı. Nizami ordu formalaşdırıldı. Ölkənin gələcəyini müəyyən edən iqtisadi təməllər qoyuldu, siyasi sabitlik təmin olundu. Ölkədə yaşayan bütün etnik qrupların, xalqların, dini icmaların maraqlarını təmin edəcək siyasət ortaya qoyuldu və qısa bir zamanda vətəndaş birliyi yaradıldı. Bu da Azərbaycanın gələcək inkişafı üçün vacib idi. Bu vacib məsələ də məhz ulu öndərin uzaqgörənliyi ilə ortaya qoyuldu”.

Müsahibimiz bildirib ki, bu gün Azərbaycan dövləti inkişaf edir, dünyada söz sahibi olan ölkəyə çevrilib:

“Məhz bugünkü inkişafın, sabitliyin, Azərbaycanın artan beynəlxalq nüfuzunun təməlində təbii ki, ulu öndərin ideyaları, onun müəyyənləşdirdiyi siyasi xətt dayanır. Azərbaycanın gələcəyi həmin ideyaların üzərində inkişaf edəcək. Ona görə də 15 iyun müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış tarixdir və ulu öndərin qayıdış günüdür. Ulu öndərin qayıdış günü müstəqil Azərbaycanın həyatına yeni nəfəs gələn və bugünkü Azərbaycanın inkişafının əsasları qoyulan gündür. Bu tarixi gün hər bir vətəndaşın xatirəsində daim yaşayacaq, müstəqil Azərbaycan dövləti durduqca ulu öndər həmişə var olacaqdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər