Martın 29-da Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Vyanada baş tutmuş görüşdə iki əsas məsələ müzakirə olunmuşdu. Tərəflər substantiv, yəni məzmunlu danışıqların danışıqların davam etdirilməsi və humanitar aksiyalar məsələsində razılığa gəlmişdilər. Amma çox təəssüf, ötən iki aydan bir qədər artıq vaxt ərzində baş verən bəzi hadisələr Ermənistan tərəfinin bu istiqamətlər üzrə hər hansı irəliləyişə nail olmaq istəmədiyini göstərir. Əksinə, təxribatla, yəni hər iki razılaşmanı pozmaqla məşğuldurlar.
Bunu Teleqraf.com-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O qeyd edib ki, substantiv danışıqlar getmir:
“Yəni, ümumi sözlər, status-kvonun saxlanılması və sair ifadələr işlədilir. İkinci məsələ, yəni humanitar addımların atılması istiqamətində də irəliləyişlər nəzərə çarpmır. Məsələn, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu bu mənada yaxşı məqam idi. “Arsenal”ın erməni mənşəli oyunçusu Henrix Mxitaryan Bakıya gəlməli idi. Təəssüflər olsun ki, Qərb mətbuatında və Ermənistanda bununla bağlı belə deyək, isterika başladı. Baş nazir Nikol Paşinyan Mxitaryana zəng edib Azərbaycana getmədiyi üçün ona öz təşəkkürünü bildirdi. Yəni, hansı humanitar aksiyalardan söhbət gedə bilər? Halbuki, sözügedən final oyunu, yəni, erməni mənşəli futbolçunun Azərbaycanda oynaması humanitar aksiyalar baxımından çox yaxşı bir fürsət idi. Biz Ermənistanın bu münasibəti ilə danışıqları pozmaq niyyətini artıq açıq-aşkar ortaya qoyduğunu görürük”.
F.Şəfiyev qeyd edib ki, əksinə mayın 30-da cəbhə xəttində təxribat törədilib və Azərbaycan ordusunun zabiti, mayor Aqil Ömərov qətlə yetirilib:
“Bir neçə gün sonra biz yenidən itki verdik. Yenə deyirəm, əgər biz iki ay əvvələ qayıtsaq – hansı ki, iki məsələ müzakirə olunub və razılıq əldə olunub – hər iki istiqamətdə ermənilər razılaşmanı pozurlar”.
F.Şəfiyev daha sonra deyib:
“Bir məsələ də var. Qərb mətbuatı belə bir iddia irəli sürüb ki, Ermənistanda daxili qüvvələrlə və Qarabağ klanı arasında mübarizə gedir, daxili vəziyyət gərgindir və biz bunu başa düşməliyik. Ancaq biz artıq bu bəhanəni qəbul etmirik. Ona görə ki, orada hər iki-üç ildən bir hansısa siyasi böhran baş verir. Biz o siyasi böhranın bitməsini, sabitliyin bərqərar olmasını nə qədər gözləyəcəyik?! Yəni, bu artıq bəhanədir, Azərbaycan tərəfi bunu qəbul etmir. Belə qənaətə gəlmək olar ki, Ermənistan danışıqları davam etdirmək və substantiv müzakirələr aparmaq niyyətində deyil”.
Bəs bütün bunlar münaqişənin eskalasiyasına gətirib çıxara bilərmi? Bu sualımızı da cavablandıran mərkəz rəhbəri deyib:
“Təbii ki, gətirə bilər. Azərbaycan tərəfi nəticə gözləyir. 2016-cı ilin aprel ayından danışıqlarda yeni dinamika əmələ gəlib. Biz müəyyən bir nəticəyə gəlib çıxacağımızı gözləyirik. Bizə hər dəfə söz verilirdi ki, danışıqlar davam edir, bir nəticə əldə olunacaq. Yaxşı, keçən il orada inqilab baş verib. Artıq inqilab bitib. Paşinyan hakimiyyətdədir. Ancaq biz görürük ki, müxtəlif daxili siyasi məsələləri bəhanə gətirərək Ermənistan danışıqları davam etdirmək istəmir. Əksinə, təxribatla məşğuldur. Bizə hər zaman deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Ancaq biz də elə bir nöqtəyə gəlib çatacağıq ki, o nöqtədə sülh danışıqlarının aparılmasının mənasız olduğunu görəcəyik”.