Bu gün Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan Çinin fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuan ilə görüşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan Müdafiə naziri bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Ölkəmizdə diplomatik fəaliyyəti müddətində Azərbaycan-Çin hərbi əlaqələrinin genişləndirilməsində göstərdiyi səylərə görə səfirə təşəkkürünü bildirən Z.Həsənov ona gələcək işlərində də uğurlar arzulayıb.
Diplomat isə ölkəmizdən xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını bildirib.
Görüşdə həmçinin iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, o cümlədən Çinin Müdafiə nazirinin Azərbaycana planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.