25 İyun 2019 15:57
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Oqtay Qasımovla müsahibəni təqdim edir:

- Oqtay bəy, iyunun 23-də İstanbul şəhər bələdiyyə sədrliyinə keçirilən təkrar seçkilərin nəticəsini necə qiymətləndirirsiz?

- Türkiyədə İstanbul bələdiyyə sədrliyinə keçirilən seçkilər türk demokratiyası baxımından önəmli hadisə oldu. Beynəlxalq müşahidəçilərin və qurumların rəyinə görə, seçkilər yüksək səviyyə təşkil edilib və nəzarət olunan qaydada həyata keçirilib. Bu seçki Türkiyədə demokratiyası baxımından irəliyə atılan addımdır.

Seçkilərin nəticələrinə gəlincə, biz 31 mart seçkiləri haqda danışarkən qeyd etmişdik ki, seçkinin ləğvi və İstanbulda yeni bələdiyyə sədri seçkilərinin keçirilməsi haqda qərar qəbul olunarsa, bu haqqı əlindən alınan Əkrəm İmamoğlunun mövqelərini gücləndirəcək və o, təkrar seçkilərdə daha çox səs alacaq. Digər tərəfdən, bu, Türkiyədə demokratik proseslər baxımından yaxşı qarşılanmayacaq. Ən önəmli nəticə odur ki, seçkilər yüksək səviyyədə təşkil edildi, türk cəmiyyəti dünyaya, demokratiyaya bağlılığını ortaya qoydu, seçkilər vasitəsilə seçilmişlərin dəyişə biləcəyi nümayiş etdirildi. Buna qədər dünyada belə fikir vardı ki, Türkiyədə avtoritar üsul-idarə güclənir, hakimiyyət partiyası seçkilərlə hakimiyyəti buraxmaq niyyətində deyil və s.

23 iyun seçkiləri ilə bu rəy sındırıldı və dünyaya göstərildi ki, türk cəmiyyətində hüquq və demokratiya baxımından problemlər olsa da, xalqın iradəsi öz sözünü deyir, seçkilərlə gələn siyasi qüvvə seçkilər vasitəsilə də gedə bilər. Bu çox önəmli hadisə oldu.

Digər mühüm məqam odur ki, seçkilərdə səslərin sayılması və nəticələrin elan olunması operativ formada həyata keçirildi. Seçkilərdən dərhal sonra AKP namizədi Binəli Yıldırım siyasi yetkinlik göstərərək, rəqibin qələbəsini etiraf edərək, onu təbrik etdi. Bu həm də o demək idi ki, əlavə söz-söhbətə imkan verilmir. Beləcə Binəli Yıldırım spekulyasiyaya yol vermədi. Sonrada bütün siyasi liderlər, o cümlədən Prezident Ərdoğan seçkinin nəticələrini tanıyaraq qalib gələn namizədi təbrik etdilər.

- Belə fikirlər vardı ki, seçkinin nəticəsinin ləğvi ədalətsiz idi və məhz bu amil müxalifət namizədinə seçici dəstəyini artırıacaq, hakimiyyət namizədi daha biabırçı formada məğlub olacaq. Sizcə, AKP bu reallığı hesablaya bilmirdimi?

- Seçkinin ləğvi haqda qərarın alınmasında israr olundusa, demək AKP rəhbərliyində siz dediyiniz qənaət formalaşmamışdı. Xüsusilə, partiyanın seçkilərlə bağlı siyasətini həyata keçirən qurum və mütəxəssislər AKP sədri və Prezident Ərdoğanı inandırmışdır ki, həqiqətən seçkilərdə saxtakarlıq olub, onların namizədinin haqqı yeyilib və əgər yenidən seçkilərə getsələr, qələbə əldə edə bilərlər. Sadəcə, bu təsniflər və qənaətlər doğru deyildi.

Digər tərəfdən, 23 iyun seçki kampaniyasında hakimiyyət namizədinin seçki taktikası və strategiyasında ciddi səhvlərə yol verildi. Məsələn, seçki kampaniyası müddətində şüarlarda dəyişikliklər oldu, seçiciləri öz layihələrinə inandırmaq uğurlu alınmadı. Xüsusilə, seçkinin son 10 günündə iki namizəd arasında canlı debatdan sonra baş verənlər seçicidə əks-reaksiya doğurdu. Bu guya debatın aparıcısı İsmayıl Küçükqayanın gizlicə Əkrəm İmamoğlu ilə görüşüb sualları ona öncədən verməsi kimi əgülüş doğuran iddiaların ortaya atılması ilə başlandı. Digər tərəfdən, Abdulla Öcalanın yanına nümayəndə göndərməsi, Öcalanın kürd seçicilərə ünvanlanan müraciəti, sonradan onun qardaşı Osman Öcalanın dövlət televiziyasında müsahibəsinin getməsi İstanbul cəmiyyətində əks təsir yaratdı. O cümlədən bu gedişlər hakim partiyanın müttəfiqi olan Millətçi Hərəkat Partiyasında (MHP) təpkilərə yol açdı. Öcalan özü və onun həbsindən sonra faktiki terror təşkilatının başında dayanan qardaşı Osman Öcalanın ortaya atılması, məncə, Əkrəm İmamoğlunun daha çox səs qazanmasına səbəb oldu. Bu, seçicilərin ciddi etirazına, habelə MHP elektoratında narahatlığa səbəb oldu. Beləcə nəticədə Əkrəm İmamoğluehtimal edilən 200-300 min səslə deyil, 800 min səs fərqi ilə qələbə qazandı. Sözsüz ki, bu seçki prosesində İmamoğlunun özünün şəxsi keyfiyyətləri, seçicilərlə ünsiyyət qurmaq forması, inandırıcılığı, barış, sevgi dolu danışıq üslubunun xüsusi əhəmiyyəti oldu. Habelə haqqının əlindən aldındığı rəyi cəmiyyətdə oturuşduğu üçün bu, onun xeyrinə işlədi. İmamoğlu canlı debatda və TRT-də 75 dəqiqəlik çıxışı ilə seçicini layihələrinə inandıra bildi. Həmçinin İmamoğlunun buna qədər 5 illik bələdiyyə təcrübəsi var və insanlar da bundan xəbərdardır.

- 23 iyun İstanbul bələdiyyə seçkilərinin nəticələri Türkiyənin daxili siyasi həyatına hansı formada təsir göstərəcək?

- Sözsüz ki, bunun təsirləri olacaq. Əsas məsələ budur ki, Türkiyədə haqq, hüquq, ədalət, demokratiya kimi anlayışlar yenidən gündəmə oturdu. Xalq daha çox azadlıqlar və ədalət tələb etməyə başlayıb. İslahatların qaçılmaz olduğu artıq ortadadır. Xüsusilə, ədliyyə və təhsil islahatları vacibdir. Əkrəm İmamoğlunun çıxışlarında da bu məqamlar var.

İstanbul əslində Türkiyənin kiçik modelidir. Türkiyənin 81 vilayətinin hamısının İstanbulda təmsilçisi yaşayır. Bu seçkilərin nəticələri türk cəmiyyətinin nə istədiyini ortaya qoydu. Xalq siyasət dilinin yumuşaldılmasını, əhalinin qarşılaşdığı problemlərin sürətlə həllini istəyir. Xalqın iqtisadi problemlərin çözümü, işsizliyin ortadan qaldırılması, ixracatın artırılması istiqamətində gözləntiləri var. İstanbul seçkilərinin nəticəsi əslində siyasi qüvvələrə mesajdır. Seçici ötən ilin 24 iyunu və bu ilin 23 iyununda verdiyi səslə həm iqtidar partiyasına, həm də bələdiyyələri qazanan müxalifət partiyalarına mesaj vermiş olub. Seçici bu qüvvələrə “əl-ələ verib ölkədə olan problemləri həll etmək lazımdır” deyir. Əgər seçicinin mesajı olduğu kimi qəbul ediləcəksə, Türkiyə yeni bir inkişaf yoluna çıxacaq. Yox, əgər siyasi dartışmalar, qarşıdurmalar davam edəcəksə, növbəti seçkilərdə seçicinin münasibəti daha sərt olacaq.

Bu seçkilər həm də əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasına bir kart verdi. Yaxın 4 il seçkisiz bir dövrdür və böyük şəhərlərin əksəriyyətini qazanan CHP-nin bu bələdiyyələrdə uğurlu fəaliyyəti olacaqsa, deməli, növbəti seçkilərdə müxalifətin daha çox səs qazanmaq şansı yaranacaq. Seçici həm də AKP-yə mesaj verdi ki, artıq siz alterativ deyilsiniz və özünüzə çəki-düzən verin. Məncə, bu seçkidə xalq müxalifətə və hakimiyyətə ciddi mesajlar verib.

- Bu nəticə AKP daxilində hansısa parçalanma yarada bilərmi? Artıq belə fikirlər var ki, keçmiş prezident Abdulla Güllə Əli Babacan bir partiya, sabiq baş nazir Əhməd Davudoğlu isə başqa partiya yaratmağa start verib...

- Əslində İstanbul seçkilərindən sonra türk mətbuatı AKP daxilində artıq müxalif səslərin ortaya çıxdığını yazır. Bu təkcə yeni partiya quruculuğu ilə bağlı deyil. Məsələn, bir zamanlar AKP-nin Qaziantep millət vəkili olan Şamil Tayyar ciddi formada partiya siyasətini tənqid etdi. Bildirdi ki, nəhayət, 17 ildən sonra seçicinin səsini əldə etmək məcburiyyətində qaldıq. Bu formada partiyanın seçicilərdən uzaq durduğunu, onun problemlərinə ögey yanaşdığını dilə gətirdi.

AKP daxilində müəyyən çatlara gəldikdə, əslində bu uzun müddətdir ki, davam edir. Əli Bacacan-Abdulla Gül ikilisinin yaradacağı partiya və Əhməd Davudoğlunun quracağı təşkilatla bağlı neçə vaxtdır müzakirələr aparılır. Əslində bir müddət əvvəl Prezident Ərdoğanın AKP-nin keçmiş ağır topları sayılan çoxlu şəxsi prezident yanında məşvərət şurası üzvləri təyin etməsi, bəzi sabiq nazirləri dövlət banklarına rəhbər vəzifələrə gətirməsi bu prosesi ləngitmək məqsədi güdür. Məsələn, Mehmetali Şahin, Cəmil Çiçək, Bülənd Arınc və digərləri prezident yanında məşvərət şurasının üzvləri təyin olundu. Sabiq bir neçə nazir isə bank rəhbəri vəzifəsinə gətirildi. Amma bu şəxslərin əksəriyyəti partiya daxilində kölgədə qalan və mövcud siyasətlə razılaşmayan qrupun üzvləri sayılırdı. Ərdoğan bu gedişlə onları müəyyən qədər neytrallaşdırdı, öz yanında saxlamağı bacardı. Amma Abdulla Gül, Əli Babacan, Əhməd Davudoğlu və digərləri öz qərarlarında qətidir. Ehtimal olunur ki, iyulun əvvəllərinə qədər Davudoğlu partiya quruculuğu ilə bağlı öz planlarını açıqlayacaq. Əli Babacan və Abdulla Gülün isə sentyabrda partiyalarını elan edəcəkləri ehtimal olunur.

Bütün hallarda bu seçkilər AKP daxilində ciddi müzakirələrə, çatlara səbəb olacaq. Qənaətimcə, bundan sonra partiya daxilindəki məsələlər daha çox birinci şəxsin davranışları və üslubundan asılı olacaq. Ərdoğanın ondan və partiyanın mövcud siyasətindən narazı olan qruplarla təmaslarında hansı formada iş birliyinə getməsindən çox şey asılı ola bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər