26 İyun 2019 09:01
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanla Rusiya arasında siyasi böhranın dərinləşəcəyi və bu böhranın hakim “Gürcü Arzusu” Partiyasının siyasi sonunu gətirməsi gözləniləndir. Bu etirazlardan istifadə edən müxalifət Qərbin təlimatı, xüsusilə Vaşinqton tərəfindən hərəkətə gətirilir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, Gürcüstanda yeni inqilab ssenarisi hazırlana bilər:

“Çünki Prezident Salome Zurabişvili və “Gürcü Arzusu”nun əsasını qoyan Bidzina İvanişvilinin apardığı siyasət Rusiyanın regionda aktiv rol oynamasına gətirir. Abxaziya dəmiryolunun açılması, “Qazprom”la danışıqlar, strateji tərəfdaş olan Azərbaycana qarşı süni olaraq “Keşikçidağ” üzərində ərazi iddiası birbaşa ABŞ-ın regionda maraqlarına təhdid yaradırdı. Prezident Salome Zurabişvilinin ABŞ bazalarının Gürcüstan ərazisində olmasına ehtiyacın olmadığı mesajı məhz İvanişvilinin mövqeyini əks etdirirdi. Ona görə də “Gürcü Arzusu” Partiyası ABŞ üçün arzuolunmaz elan edilmişdi”.

Siyasi şərhçi qeyd edib ki, qonşu ölkədə baş verənlər ABŞ-Rusiya qarşıdurmasının da dərinləşməsinə gətirir:

“ABŞ-ın Gürcüstanda Rusiyaya qalib gəlmək şansları daha çoxdur. Çünki əhali anti-rus ovqatına köklənib. Burada siyasi proseslər Vaşinqtonun maraqlarına uyğun həyata keçəcək. Artıq İvanişvili iqtidarı ABŞ və NATO-nun regional çağrışlarına cavab vermir. Gürcüstanda baş verənlər Azərbaycanın milli və regional maraqlarına uyğundur. Əsasən Abxaziya dəmiryolunun Ermənistan üzərinə açılması da qapadılır. Ermənistanın Gürcüstan hakimiyyəti ilə birgə ölkəmizə qarşı şübhəli siyasətinə son verilir”.


Müəllif: Səxavət Həmid