“Rusiyanın AŞPA-ya qayıtması üçün səsverməyə çıxarılan qətnaməyə Azərbaycanın səs verməsi hesab edirəm ki, düzgün siyasi seçimdir. AŞPA Rusiyanın quruma qayıtmasını qəbul edirsə, bu istiqamətdə hazırlıq işləri aparıbsa, Azərbaycanın bunun əleyhinə getməsi şimaldan ölkəmizə qarşı ciddi təzyiqlərə səbəb ola bilərdi. Habelə Bakı və Moskva arasında bir çox istiqamətlərdə qarşılıqlı əməkdaşlıq platforması var”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Gürcüstanın qətnamənin əleyhinə səs verməsinin aydın olduğunu qeyd edən ekspert bildirib ki, Ermənistanın bəzi deputatlarının bu sənədin əleyhinə səs verməsi bu ölkədə də hökm sürən anti-Rusiya ab-havası ilə bağlıdır:
“Azərbaycanın mövcud siyasətində anti-Rusiya fəaliyyəti yoxdur. Buna görə də, həssas bir dönəmdə əlavə problemlərin olması milli maraqlarımıza uyğun deyil. AŞPA Rusiyanı Krımı işğal etdiyi üçün bu qurumdan uzaqlaşdırmışdı. Buna baxmayaraq Rusiya geri qaytarıldı. Bu, AŞPA-nın öz problemidir və Avropanın təhlükəsizliyinə özləri cavabdehdir”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ukraynanın AŞPA-nı tərk etməsi də anlaşılandır: “Əgər söhbət ərazilərini işğal edən Rusiyadan gedirsə, Ukraynanın buna sərt şəkildə etiraz etməsi normaldır. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Krımın tezliklə Ukraynanın tərkibinə qaytarılmasından yanadır”.