“Gürcüstan yenidən Rusiyadan asılı vəziyyətə düşüb”.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Erkin Qədirli deyib.
Ekspert paytaxt Tiflisdə Rusiya əleyhinə keçirilən kütləvi nümayişlərə münasibət bildirib:
“Gürcüstanda Rusiyanın siyasətinə qarşı etirazlar toplaşma və ifadə azadlıqları baxımından anlaşılandır. Bununla belə, ortada kobud gerçəklik var, Mixail Saakaşvilidən sonrakı Gürcüstan Rusiyadan çox asılı duruma düşüb.
Rusiyanın dövlət və dövlətə yaxın böyük şirkətləri Gürcüstanda su elektrik stansiyalarını və paylayıcı şəbəkələri alıblar, telefon rabitəsində, mədən sənayesində böyük payları var. “Borjomi”ni belə alıblar. Bu, hələ böyük biznesdir, rusların Gürcüstandakı orta və kiçik biznesdə də payları önəmli dərəcədə artıb.
Gürcüstan öz yerində, bu gedişat öz ölkəmiz üçün də yaxşı deyil, Gürcüstanla sərhədimizdə son təxribatlar da bunu göstərir”.