“Gürcüstanda baş verənlərdən gəldiyim qənaət belədir ki, Rusiya çox incə təxribat təşkil etməklə Gürcüstana sanksiya tətbiq etmək istəyirdi, buna da qismən nail oldu. Görünür, Kreml rəsmi Tiflisdən nəsə istəyirdi, onlar razı olmadılar. İqtisadi sanksiyalara bəhanə lazım idi ki, sonra bu qadağaları götürmək müqabilində Tiflisdən istədiyini alsın”.
Teleqraf.com xəbər verir ki, Tiflisdə Rusiya əleyhinə keçirilən aksiyalar barədə danışan REAL sədrinin müavini Natiq Cəfərli belə deyib.
Partiya rəsmisi Rusiyanın Gürcüstandakı maraqlarına da toxunub:
“Bəs Rusiyanın məqsədi nədir?! ABŞ-İran, ABŞ-Türkiyə qarşıdurması gücləndikcə Kreml Ermənistanda hərbi kontingentini gücləndirmək, artırmaq istəyir. Bunun üçün yerüstü logistik marşrut lazımdır. Çünki hava yolu ilə silah-sursat daşımaq, təhcizatı tam təmin etmək mümkün deyil, həm də çox bahadır.
Rusiya Gürcüstandan rahat keçməklə Ermənistandakı qoşunlarının təminatını saxlamaq istəyir, İvanişvili komandası isə buna razılıq verməkdən qorxur. Çünki həm xalq buna çox kəskin reaksiya verəcək, həm də Azərbaycanla əlaqələr korlanacaq, hətta İran və Türkiyənin də əlavə sualları yaranacaq.
Buna görə də razılıq yoxdur, indi Kreml iqtisadi sanksiyalarla, turizmlə, şərab ixracına qadağalarla Gürcüstanı yola gətirmək, özü üçün Ermənistana quru yol açmaq istəyir”.