İşğalçı ölkənin xarici işlər naziri olaraq Zöhrab Mnatsakanyanın BMT İnsan Hüquqları Şurasında insan hüquqlarından danışmağa heç bir mənəvi haqqı yoxdur.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, regionda, eləcə də müasir dünyada beynəlxalq qaydaları ən kobud şəkildə pozan dövlətlərin başında məhz Ermənistan özü dayanır:
“Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünə malik olması məhz Ermənistanın üzündən baş verib. Nəzərə almaq lazımdır ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı öz yurd-yuvalarından didərgin düşməklə yanaşı təməl insan hüquqlarından da məhrum olunublar. Çoxlu sayda azərbaycanlı mülkiyyət hüquqlarından məhrum ediliblər və bu hüquqların təmin olunması istiqamətində Ermənistan hər hansı addım atmaqda maraqlı görünmür.
Bundan əlavə Ermənistan beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradan informasiyalar yaymaqla da münaqişə nəticəsində böyük zərərlər görmüş, hüquqları tapdanmış insanların hüquqlarına yenidən təcavüz edir. Bütün bunların fonunda hesab edirəm ki, bütövlükdə Ermənistan rəsmilərinin insan hüquqlarından danışmaq üçün heç bir mənəvi haqları yoxdur”.
Müsahibimiz qeyd edib ki, insan hüquqlarına hörmət etməyən hər hansı subyektin bütövlükdə beynəlxalq miqyasda insan hüquqlarının müdafiəsinə qoşulması absurddur:
“Bu baxımdan düşünürəm ki, BMT-nin İnsan Hüquqları Şurasına Ermənistanın üzv seçilməsi gələcəkdə münaqişə vəziyyətində olan bütün dövlətlərə və xalqlara çox böyük həqarət və haqsızlıq olacaq”.
Qeyd edək ki, Z.Mnatsakanyan BMT İnsan Hüquqları Şurasında çıxış edərək Ermənistanda baş verən hadisələri demokratik keçid adlandırmağa cəhd göstərib. Halbuki BMT İnsan Hüquqları Şurasının kluarlarında Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistanda baş verən hadisələr istehzalı şəkildə yakobin və ya bolşeviksayağı “inqilabi diktatura” adlandırılır.
Aydındır ki, işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmə törətmiş bir ölkənin BMT-nin İnsan Hüquqları Şurasında insan hüquqları və demokratiyadan danışması bu təşkilatın təməl prinsiplərinə ziddir.
Onu da qedy edək ki, bu ilin payızında Ermənistan dövlət olaraq BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilməyə çalışır. Qanlı etnik təmizləmə törədən, bir milyondan artıq azərbaycanlının təməl hüquq və azadlıqlarını kobud şəkildə pozan və “inqilabi diktatura” rejimi quran bir ölkənin BMT İnsan Hüquqları Şurasına seçilməsi qəbuledilməzdir. Bu, sözügedən təsisatın təməl prinsiplərinin və dəyərlərinin tapdalanmasıdır və zənnimizcə, beynəlxalq ictimaiyyət buna imkan verməməlidir.