“Ermənistan rəhbərliyi Vaşinqtonda keçirilən sonuncu görüşdən sonra da Qarabağ münaqişəsi üzrə gedən müzakirələri pozacaq təxribatçı fəaliyyətlərini davam etdirir. Görüşün keçirildiyi ərəfədə işğal edilmiş Qarabağda hərbi təlimlərin keçirilməsi və Azərbaycan əsgərini öldürən erməni qulluqçunun müdafiə naziri Tonoyan tərəfindən mükafatlandırılması da bunu göstərir”.
Bunu Teleqrtaf.com-a açıqlamasında “Yeddi Dövlət Bir Millət” konseyinin başqanı, jurnalist Azər Həsrət deyib.
Cəbhə xəttində vəziyyəti gərginlikdə saxlayan Ermənistanın bununla Minsk qrupu həmsədrlərinə və beynəlxalq ictimaiyyətə hörmətsizlik etdiyini deyən Azər Həsrət qeyd edib ki, Ermənistanın yeni iqtidarı ənənəvi siyasətə sadiq qalaraq, keçmiş hakimiyyətin müzakirə prosesini uzadacaq tezislərdən istifadə edir:
“Azərbaycan Ermənistandan fərqli olaraq onun riyakar davranışları qarşısında həmrəylik nümayiş etdirərək, konstruktiv mövqe ortaya qoyur. Amma Ermənistanın bu pozuculuq fəaliyyətini faş etməyin yolları var. İlk növbədə xarici ictimai rəylə işləyən qüvvələr bunun üçün səfərbər olmalıdır.
Birincisi, Ermənistanın niyə danışıqlar prosesini uzatdığı, həll prosesini yubatdığı izah edilməlidir. Biz başa düşürük ki, işğal faktoru aradan qalxmadıqca, ərazilərimiz geri qaytarılmayacaq və bundan ən çox əziyyət çəkən də azərbaycanlılardır. Çünki bir milyondan çox insanımız bu ərazilərdən didərgin düşüb, prosesin uzanması da onlara birbaşa humanitar zərbə deməkdir.
Bunu başda BMT olmaqla, bütün beynəlxalq təşkilatlara çatdırmaq üçün hərəkətə keçilməlidir. Tələb olunmalıdır ki, biz artıq öz yurdumuzdan başqa heç bir yerdə yaşamaq istəmirik və evimizə qayıtmaq istəyirik.
Hesab edirəm ki, bunu bir hərəkata, kampaniyaya çevirmək lazımdır. Paralel olaraq, ATƏT-in Minsk qrupu həmsədrlərini ciddi və effektli fəaliyyətə səsləmək lazımdır. Təəssüflər olsun ki, münaqişənin nizamlanması ilə məşğul olan 3 həmsədr ölkə aradan keçən uzun illər ərzində heç nəyə nail ola bilməyib.
Həmsədrlər tez-tez bəyan edirlər ki, tərəflər razılığa gəlsinlər. Biz də sual verə bilərik ki, tərəflər razılığa gələ bilirdisə, siz nəyə lazımsınız? Yəni, məsələni bu cür qoyaraq, həmsədrləri effektli fəaliyyətə səsləmək lazımdır”.
Azər Həsrət qeyd edib ki, diplomatik səylərlər yanaşı, Azərbaycan öz hərbi gücünü işğalçıya və onun havadarlarına nümayiş etdirməlidir:
“Yəni, ictimai rəyə izah edilməlidir ki, biz məcburiyyət qarşısında qalaraq hərbi gücdən istifadə edirik. Əlbəttə, bu zaman şəhidlərimiz, itkilər olacaq, amma biz torpaqlarımızı azad etməyə başlayacağıq. Düşünürəm ki, artıq Azərbaycan buna getməkdən çəkinməməlidir. Çünki bir ölkənin torpaqları bu qədər uzun müddət işğal altında qalmamalıdır. Biz buna dözməyə davam edəcəyiksə, bəlkə də, Ermənistan daha 30 il əraziləri işğal altında saxlayacaq. Bu isə o deməkdir ki, orada doğulan insanlar öz yurdlarını görmədən dünyasını dəyişəcək, onları haqları bərpa edilməyəcək”.