“İran dünyanın diqqət mərkəzindədir. İran Prezidenti Həsən Ruhani ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə nüvə sazişi imzalayanda problemlərin həll olunduğunu düşünürdü. Həsən Ruhani İranı sanksiyalardan qurtarıb inkişaf etdirmək istəyirdi, alınmadı”.
Teleqraf.com xəbər verir ki, bunu İrana səfər edən politoloq Elxan Şahinoğlu deyib.
Ekspertin fikrincə, ABŞ prezidenti seçilən Donald Tramp Həsən Ruhaninin bütün planlarını pozdu:
“ABŞ nüvə sazişindən çıxdı və İrana qarşı yeni sanksiyalar tətbiq etdi. İndi İranın özündə Həsən Ruhanini qınayanlar var ki, niyə o, Vaşinqtonla saziş imzaladı və bu cür aldandı. Bölgədə vəziyyət gərgindir, Hörmüz boğazında neft tankerlərinə hücumlar olub, İran ABŞ-ın pilotsuz təyyarəsini vurub”.
Politoloq hesabe dirk i, İranda Amerikanın və İsrailin hər işə qarışdığını, hətta Gürcüstanı da Vaşinqtonun qarışdırdığına inanırlar:
“Hətta diplomatlardan biri belə bir fikir də söylədi ki, bölgədə İŞİD terrorunun yaradılmasının və “könüllülər” hesabına çoxalmasının arxasında Amerika və İsrail dayanır. İranda Rusiyanın siyasəti haqqında mənfi heç nə eşitmədim. Halbuki, Cənubi Qafqazdakı proseslərə Rusiyanın təsir imkanları böyükdür, nəinki Amerika ilə İsrailin.
İranda eşitdiklərimdən və müşahidələrimdən gəldiyim qənaət budur ki, İrana rəhbərlik edənlər mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Onlar onu da anlayırlar ki, neft satışı azaldıqca İranın gəlirləri azalacaq. Tehranda onu da bilirlər ki, bəzi dövlətlər və bu dövlətlərin şirkətləri sanksiyalar ucbatından İranla əməkdaşlığı genişləndirməyə risk etmirlər. Bir çox dövlət turizmə vacib gəlir mənbəyi kimi baxır. Ancaq Tehranda və İranın başqa şəhərlərində turistlər gözə dəymir. Məsələn, Rusiya İranın əsas tərəfdaşlarından biri olsa da, Tehranda rusiyalı turist görmədim. İran hakimiyyəti daxili turizmin təşviqinə fikir verir. İran şəhərlərindəki tarixi muzeylərdə yalnız İran vətəndaşlarını görmək olar. Hər yerdə olduğu, kimi İranda da gənclər arasında işsizlik hallarına rast gəlinir. Ona görə də əhalinin bir hissəsi iş dalınca paytaxta Tehrana axışır”.
Elxan Şahinoğlu vurğulayıb ki, sanksiyalar həm İrana zərər vurur, həm də bölgədə gərginliyi azaltmır: “Tramp Tehranla dialoq istəyir. Ancaq İranın ali dini lideri dialoqun əleyhinədir. Çünki, Tehranda düşünürlər ki, bir dəfə güzəştə gedib Amerika ilə saziş imzaladılar, ancaq aldandılar. Ona görə də ikinci dəfə aldanmaq istəmirlər. Həm də İranın hazırki rejimi Ağ Ev administrasiyasının istəyinə görə nə Bəşər Əsəd rejiminə və ya “Hizbullah” kimi qruplaşmalara dəstəkdən vaz keçəcək, nə də ki İsrail dövlətinin varlığını qəbul edəcək. İranın və gərginliyin azalmasını istəyənlərin arzusu odur ki, Donald Tramp növbəti prezident seçkisində məğlub ola və onun yerinə gələn heç olmasa, Barak Obamanın xarcisi siyasətini davam etdirə. Bu isə sadəcə arzudur”.
Qeyd edək ki, Elxan Şahinoğlu İranda bu ölkədən olan deputatlar və İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinlə görüşüb.