2 İyul 2019 09:01
13 934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Brifinq” layihəsinin qonağı fəlsəfə elmləri doktoru, politoloq Qabil Hüseynlidir.

Onunla söhbəti təqdim edirik:

Qabil Hüseynli əvvəlcə Gürcüstanda baş verən prosesləri şərh edib:

“Gürcü arzusu” bloku hakimiyyətə gələndən sonra Gürcüstandakı proseslər heç də rəvan getmir. Mütəmadi olaraq “Milli Birlik” partiyası proseslərə müdaxilə edir, əhalini ayağa qaldırmağa cəhd göstərir. Prezident seçkiləri də çox gərgin keçdi, Salome Zurabaşvili zorla prezident seçildi.

Son hadisələr doğrudan da ciddidir. Rus deputatlar özlərindən bir şey düzüb-qoşublar, Pravoslav ölkələrinin parlament assambleyası deyilən qurum yaradıblar və iclası da Tbilisiyə salmışdılar. Gürcüstan parlamentinin sədri o zaman Azərbaycana səfərdəydi, yəni yeri boş idi. Rusiya Dumasının deputatı Sergey Qavrilov əvvəlki imperiya ədası ilə gedib Gürcüstan parlamentinin spikerinin yerində oturmuşdu. Buna əvvəlcə Ukraynadan olan deputatlar etiraz etdilər. Bildirdilər ki, Qavrilov kimi bir ateisti pravoslav saymırıq və iclas zalını tərk etdilər, ardınca gürcülər, xüsusilə “Milli birlik” partiyasının üzvləri ayıldı, Qavrilovu dövrəyə alaraq, kürsüdən ayağa qalxıb zalı tərk etməsini tələb etdilər. O da təbii ki, tabe olmadı və bundan sonra “Milli birlik” partiyasının deputatları salonu tərk etdilər, xalqa müraciət edib parlamentin qabağına toplaşmağa çağırdılar. Bu, hadisənin təfərrüatıdır, amma əslində Rusiya uzun müddətdir ki, Gürcüstandakı hadisələrə müdaxilə etmək, onu öz axarından çıxarmağa çalışır.

Etiraf etmək lazımdır ki, Gürcüstanda Rusiyanın “5-ci kolon”u çox güclüdür. “Gürcü arzusu” blokunun sədri Bidzina İvanişvili bütünlükdə Rusiyanın adamıdır, onun Rusiya banklarında 5 milyard dollardan artıq pulu var. Gürcüstanda hakimiyyətdə olduğu müddətdə sərvətini iki dəfə artıra bilib. Rusiya ilə münasibətlərin istiləşməsində, viza sisteminin ləğv edilməsi, ticarət əlaqələrinin yaranmasında İvanaşvili həlledici rol oynadı.

Parlamentin keçmiş spikeri Nino Burcanadze de Rusiyapərəst mövqedə dayanır. Amma bu bir faktdır ki, Gürcüstan ərazisinin 20 faizini rus qoşunları işğal edib, sonra da həmin torpaqları müstəqil respublika elan edərək, vətəndaşların çoxuna da Rusiyanın pasportunu verib. Rusiya Cənubi Qafqazda həddən artıq zərərli rol oynayır. Bu rolu artıq Gürcüstanda sınaqdan çıxarılmışdı, ikinci dəfə buna cəhd edildi. Amma Rusiya umduğunu tam həyata keçirə bilmədi, əvəzində Gürcüstana qorxu yaşatmaq üçün Cənubi Qafqaz dairəsinin qoşunlarının, Xəzər Dəniz Donanmasının, Ermənistandakı 102-ci briqadanın hərbi manevrlərini elan etdi, Rusiya-Ermənistan qoşun birləşmələri 62-ci ordunun tərkibində hərbi manevrə qatıldılar. Rusiya Cənubi Qafqazı bir-birinə qatıb-qarışdırmaq üçün hərbi manevr adı altında öz qol gücünü göstərməyə çalışdı, bir növ bölgə xalqlarını qorxuya məruz qoydu.

Həqiqətən Rusiya dünyada ən təhlükəli ölkədir və bunu nəzərə almaqdan hər hansı addım atmaq ağılsızlıq olardı. Rusiyaya qarşı nə qədər sanksiya tətbiq etsələr də, bunun demək olar heç bir xeyri olmur, hələ ki neftin qiyməti arzuolunan səviyyədədir, mavi qazın qiyməti neftdən də yüksəkdir. Bütün bunlar Rusiya büdcəsinə lazım olan gəliri gətirir. Bundan ruhlanan Putin həm postsovet məkanındakı, həm də vaxtilə sosializm düşərgəsinə daxil olub hazırda NATO üzvü olan ölkələrə qarşı təhdid və təzyiqlərini davam etdirir.

Bu gün Gürcüstanda hadisələr səngiməyib və səngiyənə bənzəmir. Gürcüstandakı mitinq taktikası haqda danışan baş nazir etiraf etdi ki, 7 illik hakimiyyətimiz dövründə ilk dəfə bizi büdrətdilər. Ölkədə vəziyyətin xeyli ağırlaşdığının şahidiyik, milli valyuta olan lari gücdən düşüb, Rusiya isə bütün əlaqələri, turist və ticarət əlaqələrini kəsib ki, bu da ciddi ziyan vurur”.

Qabil Hüseynli qeyd edib ki, müxalifət kifayət qədər fəaldır, təkcə Mixail Saakaşvilinin simasında təmsil olunmur, buraya digər partiyalar da qoşulub və müxalifətin sıraları kütləviləşib: “Gürcüstanda cin şüşədən buraxılıb. Bu gün müxalifətin qarşısında duran əsas məsələ Bidzina İvanişvilinin sıradan çıxarılması və onun tam ifşa olunmasıdır. Gürcüstanda hakimiyyət dəyişikliyi haqda proqnoz verməkdə çətinlik çəkirəm, amma bunun ehtimalının da olduğunu söyləmək məcburiyyətindəyəm”.

Politoloq Saakaşvilinin Gürcüstandakı proseslərə hansı formada təsir edəcəyinə də aydınlıq gətirib: “Mən Saakaşvili Ukraynada fəallıq edəndə, hətta qarşıdurmaya gətirən proseslərin içərisində olanda onun mövqeyini bəyənmirdim. Poroşenko ona çox böyük etimad göstərdi, onu Ukraynanın ən böyük və strateji vilayəti olan Odessaya qubernator təyin etdi. Qənaətimcə, o, işinin öhdəsindən gələ bilmədi, qorxdu, çünki mafiya şəhəri idi. Odessanın problemləri əvəzinə Ukraynanın problemlərini qaldırdı, Poroşenko ilə münasibətləri qəsdən pozdu. Elə şərait yaratdı ki, Poroşenko onu Ukrayna vətəndaşlığından məhrum elədi və ölkədən çıxardı.

Vladimir Zelenski onun vətəndaşlığını qaytardı, amma daha bic hərəkət etdi. O, Saakaşviliyə bundan artığını vermək niyyətində deyil. Yaşamaq istəyirsən, otur turist kimi ölkədə yaşa, lazım gəlsə, müavinət də ayıra bilərik və sair. Xoş olmayan, hətta təhqiramiz bir mövqedir. Saakaşvili hərəkat yaratdığını bəyan etsə də, 50 min ukraynalıdan ibarət hərəkatı həm qeydiyyata almadılar, həm də parlament seçkilərində iştirakına imkan vermədilər. Belə görünür ki, Saakaşvilinin xidmətləri Ukraynaya lazım deyil. O, çox temperamentli, hisslərini cilovlaya bilməyən, əsəbləri yerində olmayan adamdır. Amma cəsarətli, xarakterlidir və s. Bu xarakterini niyə Gürcüstanda gəlib göstərmir? Düzdür, Gürcüstana keçmək çətindir. Onu həbs edə bilərlər, amma hər halda Gürcüstandakı hərəkata rəhbərliyin daha məqbul və praktik formasını tapmaq olar. O, Ukraynada oturub Gürcüstandakı prosesləri idarə etməyə çalışmalıdır. Lazım gələrsə, şərait yetişərsə, lap təhlükəli olsa belə, özünü Gürcüstana yetirməlidir. Çünki indiki şəraitdə qüvvələr nisbətində müxalifətin xeyrinə dəyişmə var. Amma müxalifətdə lider problemi mövcuddur. Bunu da Saakaşvili daha uğurla yerinə yetirə bilər. Saakaşvili Qərbi təmsil edir, o, bu saat ilk növbədə ABŞ-a, Avropa Birliyinə lazım olan şəxsdir. Qərbin Gürcüstanla bağlı irimiqyaslı planları var və baş rolu Saakaşviliyə veriblər, baxaq, ona tapşırılmış bu missiyanı yerinə yetirə biləcəkmi? Zənnimcə, onun üçün çətin olmayacaq, nəticədə İvanişvili ölkədən qaçmaq məcburiyyətində qalacaq. Beləliklə, NATO-nun Gürcüstanda geopolitik istiqamətdə yürüşü başlaya bilər”.

Gürcüstanda ehtimal olunan hakimiyyət dəyişikliyinin Ermənistan və Azərbaycanda gedən proseslərə təsir imkanlarına gəlincə, politoloq Gürcüstandakı proseslərin Ermənistana təkan verəcəyini düşünmür: “Bu yaxınlarda Saakaşvilinin partiyasının sədri bildirdi ki, biz hələ ki Ermənistanın yolu ilə gedirik, oradakı prosesləri təkrarlayırıq, gələcəkdə rəngli inqilabların Gürcüstan variantını formalaşdırmağa çalışacağıq. Ermənistanın özündə də mürəkkəb proseslər gedir, Paşinyanın hakimiyyətə öz kadrlarını düzməsi, öz dediyi kimi baş vermiş inqilabdan sonra demokratik dəyərlərin oturuşması prosesi ləng gedir, bəzi hallarda isə heç getmir. Üstəlik Ermənistanın daxilində “Qarabağ klanı” ilə Paşinyanın tərəfdarları arasında ciddi qarşıdurma var və bu qarşıdurma hər gün bir az da qızışır, açıq mərhələyə keçir. Zənnimcə, “Qarabağ klanı”nı ram etmək üçün Paşinyan hələ ki lazım olan qüdrətə malik deyil. Çünki ram etmək üçün mütləq hərbi qüvvədən istifadə etmək lazım gələcək. Bu isə Azərbaycana torpaqlarını azad etmək üçün yeni şanslar aça bilər. Hər halda Ermənistandakı proseslər sırf daxili millətçi proseslərdir. Gürcüstanla bunlar arasında paralel aparmaq o qədər də asan deyil. Azərbaycana gəlincə, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq proqramı var və bu proqram üzrə ikili münasibətlər inkişaf edir. Azərbaycanın reallaşdırdığı beynəlxalq iqtisadi layihələrin hamısı Gürcüstan ərazisindən keçib və nəticədə Gürcüstanın büdcəsinin 42 faizi bu layihələrdən gələn gəlirlər hesabına formalaşır. Yəni Azərbaycan Gürcüstan üçün həyat mənbəyidir. Bir ara “Keşikçidağ” məbədi ilə bağlı gərginlik olsa da, gürcülər tez ayıldı. Başa düşdülər ki, Azərbaycanla münasibətləri korlamaq olmaz, bir monastırdan ötrü qarşıdurma yarada biləcək ritorikadan əl çəkmək lazımdır. Bu məsələ ətrafında dövlət komissiyası yaradılıb, onlar birgə işləyir. Məbəddən ortaq istifadə edilməsi variantı mümkündür. Güman etmirəm ki, məbəd məsələsi iki ölkə arasında ciddi fikir ayrılıqlarına gətirib çıxarsın”.

Ermənistanda “Qarabağ klanı”nın yenidən hakimiyyətə qayıdacağı iddialarını Qabil Hüseynli belə şərh edib: “Ermənistandakı proseslər doğrudan da gərgindir. Köçəryanın tutulması Paşinyan üçün şərəf məsələsi idi. O, dəfələrlə bunu seçicilər qarşısında söyləyib. Köçəryanın törətdiyi cinayət ortadadır. Ermənilər arasında öz xalqına güllə atılması faktı həddən artıq pis qəbul edilir. Köçəryanı həbs etməsəydi, xalq Paşinyanı süpürüb atacaqdı. Bəziləri belə hesab edir ki, “Qarabağ klanı” Rusiyanın köməyi ilə yenidən ayaqlanacaq, amma mən bu cür düşünmürəm. Qarabağda hakim iradənin sahibi Kreml, ruslardır. Burada kim bir balaca cızığından kənara çıxsa, Moskvadan gələn zəif bir işarə həmin adamları yerində oturmağa məcbur edəcək. Ona görə də “Qarabağ klanı”nın hakimiyyətə gəlməsi məsələsi artıq ötülmüş mərhələdir. Rusiya bu praktikanı bir daha tətbiq etməyəcək. Sözsüz ki, Ermənistanda hakimiyyət məsələsi Kremldə həll olunur, bütün sənaye müəssisələri borcun əvəzində Rusiya tərəfindən ələ alınıb, sərhədlər rus sərhədçiləri tərəfindən qorunur, siyasətçilərin də 80 faizi Rusiya ilə ciddi əlaqələrə malikdir. Ermənistanın Qərbə inteqrasiyası məsələsi baş tutan sevda deyil, Paşinyan istəsə də, bunu həyata keçirə bilməyəcək. Moskva dərhal ipi elə dartar ki, o, boğular. Dağlıq Qarabağ erməniləri isə Moskvanın itaətindən heç cür çıxa bilməzlər. Çünki o torpaqların alınmasında rus ordusu həddən artıq böyük rol oynayıb. Rusiya Ermənistanda da, Dağlıq Qarabağda da hakimi-mütləqdir. Silahlanarıq, bir-birimizə silah çevirərik iddiaları boşdur. Əvvəla erməninin erməniyə silah çevirməsi o qədər də asan deyil. İkincisi, Rusiya buna qətiyyən imkan verməz. Bu nöqteyi-nəzərdən Ermənistanda proseslər bir müddət axara buraxılıb. Rusiya Paşinyana xalqa verdiyi vədlərin heç olmazsa, bir hissəsini yerinə yetirməsinə, Köçəryanın 2-3 il həbsdə yatmasına imkan yaradacaq. Buna qədər də Paşinyana siyasi hakimiyyətdə qalmasına məsafə verəcəklər. Sonra da əfv və ya amnistiya yolu ilə Köçəryan həbsdən çıxacaq. Paşinyan xalq qarşısında etimadını doğrultmuş kimi görünəcək, Rusiyanın da Köçəryanın həbsini qısaltdığı görüntüsü yaradılacaq. Mühacirətin sürətlə getdiyi balaca dövlətdə proseslər tamamilə Kremlin nəzarəti altındadır. Ermənistanın Qərb yönümlü demokratiya quracağının xəyal edilməsi əfsanədir”.

“ABŞ-la İran arasında dialoq imkanı nə dərəcədə mümkündür, bu gərginlik hərbi, yoxsa siyasi yolla həll olunacaq” sualını politoloq belə cavablandırıb:

“İnanmıram ki, ABŞ-da hətta şahinlər də İranla müharibənin tərəfdarı olsun. İranla müharibə Yaxın Şərqdə çox böyük fəlakət törədə, bu fəlakətin bir ucu Azərbaycana da toxuna bilər. Sadəcə olaraq, qılıncı tez-tez qınından çıxarıb İrana göstərirlər ki, gəlin, danışaq, dialoqa gedək. Dialoqa getməyən İran tərəfidir. Danışıqlarda ABŞ-ın müəyyən şərtləri var. Təkcə nüvə silahı məsələsi deyil, Yaxın Şərq proseslərində İranın fəaliyyətinin məhdudlaşdırılması, bəzi terrorçu təşkilatlara yardım göstərilməsinin dayandırılması və bu kimi İranın özü üçün də xeyirli ola biləcək məsələlər var. İrana deyirlər ki, nə qazanırsan qazan, xalqının rifahına yönəlt. Molla hakimiyyətinin özünü devirmək istəyirlər, amma bunun üçün lazım olan şərait yoxdur. Mən müharibə variantının olacağı qənaətində deyiləm. ABŞ hərbi güc yığılmaqda davam edir, İranı üzük qaşı kimi mühasirəyə alıb, danışıqlar stolu ətrafında oturdub istədiklərini qoparacaqlar. Ondan sonra da ölkənin içərisində əhaliyə “yaşıl işıq” yandırılacaq ki, ayağa durun, bu mollaları hakimiyyətdən qovun. Bunu da bacaracaqlar. Çünki pulla daxildə istənilən şeyi həyata keçirmək mümkündür. O pulu da əsirgəməyəcəklər. Mən İranla ABŞ arasında ssenarilərin çox da mürəkkəbləşdirilməsinin tərəfdarı deyiləm. Müharibəni çox zəif ehtimalla qəbul edirəm”.

Politoloq ABŞ-Türkiyə münasibətlərinə də toxunub. Qabil Hüseynli Türkiyə-ABŞ və Şimali Atlantika münasibətlərinin çox gərgin dövrünü yaşadığını deyib. Onun sözlərinə görə, S-400 hava hücumundan müdafiə sistemlərini aldığına görə nəzərdə tutulan əlavə sanksiyalar Türkiyə üçün təhlükəlidir:

“Hərbi sahədən tutmuş mülki xarakterli ticarət əlaqələrinə dair məsələlərdə Türkiyəyə investisiya yatırılmasında, həm də böyük şirkətlərə ciddi qadağalar ola bilər. Türkiyə Kipr ətrafında qaz axtarışına çıxıb, öz payını almaq niyyətindədir. Bu məsələyə də ABŞ “stop” qoymaq niyyətindədir. Artıq ABŞ Cənubi Kipri, eləcə də Yunanıstanı qanadları altına alıb, hərbi yardım göstərir, ustalıqla və diplomatik formada Türkiyəyə xəbərdarlıq edir ki, Aralıq dənizinin bu hissələrində sərgüzəşt axtarmasın. NATO-nun kuluarlarında belə söhbət gedir ki, S-400 alındıqdan sonra Türkiyənin NATO-da qalmasının anlamı qalmır. Hesab edirlər ki, S-400 komplekslərinin radar sistemləri “Patriot” tipli raketlərin radar sistemləri ilə uyğunlaşa bilmir. İddia edirlər ki, S-400 sistemlərində hərbi sirləri Rusiyaya ötürə biləcək xüsusi qurğularıvar. Türkiyə bizim qardaşımız, dostumuzdur, bizə ən yaxın dövlətdir, onun təhlükəsiz inkişafı Azərbaycanın təhlükəsiz inkişafıdır. Zənnimcə, Türkiyənin siyasi rəhbərliyi yüz ölçüb bir biçməlidir. Türkiyəyə xaricdən təsirlər var, amma daxildəki proseslərin dinamikası o qədər güclüdür ki, ola bilsin, xaricə təsirə ehtiyac qalmasın. Proseslər artıq xalqın iradəsi altındadır. Xalq da özü hər şeyi həll edəcək”.

Foto: Pərviz Həşimi


Müəllif: Nərgiz Ehlamqızı