6 İyul 2019 12:44
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək üçün hər cür səylər göstərərkən Azərbaycan, hələ də qonşu Ermənistanın davam edən hərbi təcavüzü ilə üzləşir və bu, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-in, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonunun işğalına, təxminən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün etnik təmizləməyə məruz qalmasına, Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələrin məhv edilməsinə gətirib çıxarb".

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının (SOA) Perunun paytaxtı Limada keçirilən 14-cü zirvə iclasında çıxışı zamanı deyib.

"Təəssüf ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının vasitəçilik səyləri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası kimi nəticələri hələ də verməmişdir. Müzakirələrin bu konkret nəticəsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində, eləcə də ATƏT, Avropa İttifaqı və münaqişə ilə bağlı qərar qəbul edən demək olar ki, bütün beynəlxalq təşkilatların müvafiq sənədlərində təsbit edilmişdir.

Münaqişənin sülh yolu ilə həll olunmasına və ATƏT-in vasitəçiliyi ilə danışıqlar prosesində fəal mövqe tutmağa səy göstərən Azərbaycan, beynəlxalq ictimaiyyətin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının qeyri-qanuni işğalının nəticələrini möhkəmləndirməyi nəzərdə tutan hər hansı fəaliyyətdə iştirakdan çəkinəcəyini və təcavüzkarın Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur edən tədbirlər görəcəyini gözləyir", deyə E.Məmmədyarov vurğulayıb.

Məmmədyarov əlavə edib ki, Azərbaycan Cənubi Amerikanın ölkələri və eyni zamanda Sakit Okean Alyansının mühüm üzvləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrini genişləndirməkdə maraqlıdır:

"Mən bir neçə ay bundan öncə, mart ayında Cənubi Amerikaya səfərim çərçivəsində, xüsusilə Alyansın üzvü olan Çilidə bu maraqları vurğulamışdım. Təsadüfi deyil ki, Buenos-Ayresdə keçirilən və mənim də iştirak etdiyim Cənub-Cənub Əməkdaşlıq üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında bu cür əməkdaşlığın iqtisadi perspektivləri vurğulanmışdır.

Biz cənub ölkələri arasında əməkdaşlığın potensialını hələ də tam şəkildə istifadə etmirik və buna nail olarsaq qlobal sosial-iqtisadi qayda, xüsusilə də dünya ticarətində mövcud böhran vəziyyətinin həllinə böyük töhfə verəcəyinə inanırıq. Xüsusilə də, bütün bu məqsədlər Sakit Okean Alyansının prioritetləri arasındadır. Alyansa üzv olan və birlikdə ÜDM-ləri dünyada 6-cı yeri tutan Cənubi Amerika ölkələrinin xüsusilə Asiya ölkələri ilə ticarət əlaqələrini asanlaşdırmaq məqsədilə səylərinin birləşdirilməsi fikri Azərbaycan üçün maraq kəsb edir. Alyans ölkələrinin Asiya ölkələrində istehsal etdiyi mal və xidmətlərin Yaxın Şərq və Avropan bazarlarına daha çox ixrac ediləcəyini nəzərə alaraq, Azərbaycanın Qafqazın təbii qapısı qismində və Şərq-Qərb ticarət dəhlizində nəqliyyat mərkəzi kimi əhəmiyyətini artırır", deyə XİN başçısı vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər