9 İyul 2019 09:01
2 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin qırıcı təyyarələrini, dronları, yeganə sualtı qayığını Aralıq dənizinin şərq hissəsinə, Kipr adası ətrafına cəmləşdirməsi təsadüfi deyil.

Bu sözləri Teleqraf.com-a hazırda Aralıq dənizində qaz-neft axtarışı işlərinə görə Türkiyə ilə Yunanıstan arasında yaranan qarşıdurmanı şərh edən politoloq Oqtay Qasımov deyib.

Siyasi şərhçi xatırladıb ki, son illərin araşdırmasına görə, Aralıq dənizinin şərq hissəsində zəngin karbohidrogen ehtiyatları var: “İddialara görə, burada həm neft, həm də qazla bağlı zəngin yataqlar mövcuddur. Üstəlik, belə fikirlər səslənir ki, burada olan qaz ehtiyatları Türkiyənin 300 il müddətinə qaz təlabatını qarşılaya bilər. Yəni söhbət zəngin yataqlardan gedir. İndi Yunan Kipri Avropa və ABŞ-dan dəstək alaraq Aralıq dənizində böyük qazma işləri həyata keçirir. Türkiyə də bu işə başlayıb”.

Müsahibimiz əlavə edib ki, bir neçə il Kipr adasının türk və yunan tərəfini birləşdirmək məqsədilə “Annan planı” ortaya çıxmışdı. O zaman referendum keçirildi, Kiprin türk hissəsi adanın birləşməsinin lehinə, yunan tərəfi isə əleyhinə çıxdı. Əslində o vaxt həm Türkiyəyə, həm də Kiprin yunan tərəfinə söz verilmişdi ki, referendumda müsbət nəticə əldə olunsa, və yunan tərəfi bunun əleyhinə çıxarsa, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqil dövlət kimi tanınması gündəmə gələ bilər. Eləcə də bu tanınmamış ölkəyə qarşı tətbiq edilən sanksiyalar da götürülə bilər. Təəssüflər olsun ki, bütün bunlar söz olaraq qaldı. Əvəzində referendumdan sonra Kiprin yunan tərəfi müstəqil dövlət kimi Avropa Birliyinə daxil oldu, hətta Türkiyəyə qarşı veto hüququndan istifadə etdi. Həmçinin beynəlxalq anlaşmalara gedərək Kipr adasında olan yataqların işlənməsi prosesi ilə bağlı müxtəlif addımlar atmağa başladı. Əlavə edim ki, Türkiyənin başı seçkilərə və daxili problemlərə qarışdığı zaman Kiprin yunan hissəsi “Total” və digər iri şirkətlərlə neft yataqlarının kəşfiyyatına dair anlaşmalar imzaladı. Təbii ki, Türkiyə bu məsələləri sakit qarşılaya bilməz. Əslində ABŞ birbaşa olmasa da, pərdə arxasından İsrail, Qətər, Misir, İtaliya və digər dövlətlər vasitəsilə axtarışlar aparılması üçün Yunan Kiprinə dəstək verirlər. Əlavə edək ki, faktiki Türkiyənin qulağının dibində kəşfiyyat, qazıntı işləri aparılır”.

Oqtay Qasımov əlavə edib ki, indi Türkiyə beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək hərəkətə keçib: “Mən Aralıq dənizinin şərq hissəsində baş verən addımlar beynəlxalq hüquq prinsiplərinə uyğun həll olunmalıdır. Əks təqdirdə bu ciddi qarşıdurmalara səbəb olacaq. Hazırda Aralıq dənizinin şərq sahillərində yerləşən dövlətlər faktiki oyundan kənar vəziyyətə salınıb. Suriyada baş verən vətəndaş müharibəsi həm də bununla bağlıdır. Çünki bu ərazi sular eyni zamanda Suriyanın sahillərinə yaxındır. İndi faktiki olaraq orada ABŞ və Rusiya söz sahibidir. Təbii ki, bu məsələlərə etiraz edən bir dövlət qalmayıb. Yalnız Türkiyə dirəniş göstərərək haqqını tələb edir. Amma bu, həm də Türkiyəyə qarşı beynəlxalq təhdid deməkdir. Odur ki, indi Türkiyə dronları Aralıq dənizinin şərq hissəsində 24 saat müşahidə aparır. Dronların bu prosesə cəlb edilməsi Türkiyənin nə dərəcədə qərarlı olduğunu göstərir və güc nümayişi məqsədi daşıyır”.

Politoloqun fikrincə, indilik Aralıq dənizinin şərqində hərbi gərginlik olmayacaq: “Tərəflər sadəcə orada güc nümayiş etdirir. O cümlədən Türkiyə də iddialarını ifadə edir. Liviyada da son dövrlər vəziyyətin gərginləşməsi, faktiki iki hökumətin olması duruma təsir göstərir. Liviyada mövcud olan hər iki qurumun arxasında bir güc mərkəzi dayanıb. Ankara Liviyada milli həmrəylik hökuməti tərəfindən sıxış edir. Lakin bu hökumət Liviyanın 10 faizinə nəzarət edə bilir. Qiyamçı Haftar isə ABŞ-ın adamıdır və Liviyanın böyük hissəsinə nəzarət edir. Bir sözlə, zəngin qaz və neft yataqlarının olduğu deyilən bu ərazilər Liviya sularına da yaxındır və Tripoli bu məsələdə söz sahibi olmalıdır. Amma Liviyanı elə günə salıblar ki, orada güclü hökumət və siyasi qüvvə yoxdur. Yunan tərəfi də bu məqamdan istifadə edərək, Liviyanın ərazi sularında da axtarış aparır. Hələlik Kiprin yunan tərəfi qazma-axtarış işlərində Türkiyəni qabaqlayır. Ancaq Türkiyədə artıq hərəkətə keçib, bölgədə qazma işləri aparır və onun gəmilərini dronlar, qırıcılar mühafizə edir”.


Müəllif: Cavad

Oxşar xəbərlər