10 İyul 2019 17:47
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı dünyada güc mərkəzlərinin görüşüb dialoq apardığı ünvana çevrilib. Artıq bu ənənə yaranıb. Neçə müddətdir ki, Rusiya Silahlı Qüvvələrinin təmsilçiləri ilə NATO təmsilçiləri müzakirə və görüş üçün məhz Bakını seçirlər. Bu dünyanın qlobal güclərinin Azərbaycana inam və etimadından irəli gəlir.

Bu fikirləri Teleqraf.com-a millət vəkili Asim Mollazadə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters ilə görüşünü şərh edərkən deyib.

Siyasi şərhçi əlavə edib ki, istər Rusiya, istərsə də NATO və Qrb Azərbaycana etibar edir: “Onlar ənənəvi olaraq çox mühüm və vacib məsələləri Bakıda görüşərək müzakirə edirlər. Yüksək rütbəli hərbçilərin məhz Bakıda görüşü onu göstərir ki, sülh axtarışları vacibdir və bunun üçün ən etibarlı yer Azərbaycandır. Çünki Azərbaycan dəfələrlə tərəf saxlamadığını, əsas məqsədinin tərəfdaşlıq və əməkaşlıq olduğunu nümayiş etdirib. Məhz bu kimi səbəblərdən yüksək səviyyəli görüşlər bizim paytaxtımızda keçirilir”.

Asim Mollazadə əlavə edib ki, görüşün Bakıda keçirilməsi tərəflərin Azərbaycana etibar etməsinin göstəricisidir: “Məncə, bu olduqca ciddi məqamdır. Tərəflər bilirlər ki, Bakı ən sakit və təhlükəsiz məkandır. Azərbaycan nə NATO ittifaqının, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma buna baxmayaraq, sülh və vacib görüşlərin əsas ünvanıdır. Məncə, bu həm də Azərbaycanın imicidir. Nə qədər ki, Azərbaycana inam var, güc mərkəzləri Bakıya etibar edir, deməli əməkdaşlıq daha da genişlənəcək. Azərbaycanın beynəlxalq aləmdə rolu bir qədər də möhkəmlənəcək və bizə beynəlxalq münasibətlər sisteminin bir tərəfi kimi yanaşılacaq”.


Müəllif: Cavad