10 İyul 2019 21:29
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentinə seçkilər keçirildi. Bu seçkilərdən sonra Avropa İttifaqı strukturlarına yeni şəxslər rəhbər seçildilər. Bu rəhbərlərin seçilməsi üçün Avropa İttifaqına daxil olan dövlətlərin hamısının konsensusu lazımdır. Belə bir konsensus əldə olundu”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, Avropa İttifaqına hələlik rəhbərlik edən şəxslər fəaliyyətlərinə davam edirlər:

“Məsələn Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk əvvəlcə Ukraynaya, oradan isə Azərbaycana səfər etdi. Polşalı siyasətçi olan Tusk Ukraynana dəstək verir və Rusiyanın siyasətini sərt tənqid edir. Məsələn Rusiya prezidenti Vladimir Putin son müsahibəsində dedi ki, “liberal dəyərlər artıq işləmir”. Buna münasibət bildirən Donald Tusk Avropanın liberal dəyərlərdən imtina etməyəcini bildirdi. Yəni Tusk Putinə demək istədi ki, Rusiya prezidentinin liberal dəyərlər barədə fikirləri yanlışdır.

Donald Tusk iyulun 9-da Azərbaycana gələrək prezident İlham Əliyevlə görüşdü”.

Elxan Şahinoğlu qeyd edib ki, Bakıda baş tutan bu görüşdə bir neçə amil diqqət çəkdi:
“Birincisi, Azərbaycanın iştirakçısı olduğu enerji layihələri və qazın Avropaya çatdırılması ətrafında fikir mübadiləsi aparıldı. Tusk bu əməkdaşlığı yüksək qiymətləndirdi və İlham Əliyevin bu istiqamətdəki səylərini dəstəklədiklərini dedi.

İkincisi, İlham Əliyev diqqəti Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycan torpaqlarının işğal altında qalmasına yönəltdi. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bunu Avropa Parlamentinin qəbul etdiyi qətnamələr də göstərir.

Üçüncüsü, Azərbaycanla Avropa İttifaqı arasında strateji əməkdaşlıq sazişinin imzalanması vacibliyi vurğulandı. Danışıqlar hələ davam edir. Sənədin böyük hissəsi artır hazırdır.

Dördüncüsü, Donald Tusk İlham Əliyevlə görüşdə qanunu aliliyinə, insan haqları və digər azadlıqlara diqqəti çəkdi. Yəni Tusk demək istədi ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq enerji və təhlükəsizlik mövzuları ilə yanaşı demokratiya məsələrini də əsas tutacaq. Təsadüfi deyil ki, Donald Tusk prezident İlham Əliyevlə yanaşı Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb, fikir mübadiləsi aparıb”.

Politoloq qeyd edib ki, bu, Donald Tuskun Avropa İttifaqı Şurasının Prezidenti qismində Azərbaycana son səfəri idi: “Bundan sonra rəsmi Bakı Avropa İttifaqının yeni rəhbərləri ilə işləyəcək. Azərbaycan gələn ildən başlayaraq Avropaya qaz nəql edəcək. Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşları Avropa İttifaqına üzv ölkələrdir. Bu baxımdan, Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişin qısa müddətdə imzalanması vacibdir. Bu saziş birinci növbədə Azərbaycana lazımdır ki, Avropa İttifaqı ilə münasibətlərin dəqiq çizgiləri müəyyənləşsin”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər