Teleqraf.com Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) daxilində baş verən proseslər, sabiq nazir Əli Babacanın partiyadan istefası, AKP-nin bölünmə ehtimalı, yeni partiyanın yaranması haqda xəbərlər və digər maraqlı məsələləri politoloq, mərhum prezidentin Elçibəyin sabiq köməkçisi Oqtay Qasımovla müzakirə edib.
- Oqtay bəy, AKP daxilində hazırda hansı proseslər gedir?
- Fikrimcə, AKP daxilində baş verən hərəkətlənmələr son dövrlər Türkiyənin qarşılaşdığı problemlərlə, partiya daxilindəki çatışmazlıqlar, hökumət sistemindəki dəyişikliklərlə bağlıdır. Partiya daxilində olan müəyyən şəxslər əvvəllər də bu proseslərdən o qədər də məmnun deyildilər. Xüsusilə, partiyanın qurucu üzvləri sayılan şəxslər arasında fikir ayrılıqları müşahidə edilirdi.
Abdulla Gül, Əli Babacan, Əhməd Davudoğlu narazı idi. Həmçinin narazı qalan bir neçə sabiq nazir dövlət banklarının rəhbərliyinə gətirildi. Eləcə də keçmiş parlament sədrləri, partiya qurucuları olan Bülənd Arınc, Cəmil Çiçək və digərləri prezident yanında məsləhət şurasının üzvləri təyin edildi. Bu təyinatla bir növ partiya daxilində yaranan fikir ayrılıqları və narazılıqın qarşısını kəsməyə cəhd olundu. 31 mart bələdiyyə seçkiləri və 23 iyun təkrar İstanbul bələdiyyə seçkilərindən sonra partiya daxilində narazılıq açıq büruzə verməyə başladı. Daha sonra keçmişdə partiyanın aparıcı üzvləri olan müxtəlif şəxslər ortaya konkret mövqe qoymağa başladı, yeni partiya yaradılacağı məsələləri üzə çıxdı.
- AKP daxilində yeni partiyanın çıxması nə dərəcədə realdır?
- AKP-nin üzvü olan müxtəlif şəxslər və o cümlədən Əli Babacan partiyanın qurucu şəxsləri siyahısında yer alır. Bu gün Babacan fərqli mövqe sərgiləyir. Bir müddət əvvəl AKP-dən istefa verdiyini elan etdi. Onun istefa bəyanatı yeni partiya quruculuğu manifesti kimi qiymətləndirilir. Açığı, onların quracağı partiya ilə bağlı müxtəlif iddialar səsləndirilir. Qeyd edilir ki, bu partiya AKP deputatları arasında özünə tərəfdar toplaya və hətta parlamentdə qrup formalaşdıra bilər.
Amma bunlar iddialardır. Bunun da baş tutmaması üçün Prezident Ərdoğan gələn aydan bölgə səfərlərinə başlayacaq. Bu səfər Ərdoğanın AKP-nin yerli təşkilatları ilə ünsiyyətinin birbaşa həyata keçirməsi və partiyanın monolitliyini qoruyub saxlamaq üçün addımlardır. Hər halda zaman proseslərin necə gedəcəyini müəyyən edəcək. Mənim şəxsin qənaətimcə, yeni partiyanın qurulması reallığı ortaya çıxsa belə, bu AKP-dən böyük qopmalara səbəb olmayacaq.
AKP-nin yaradıcıları bir zamanlar Rifah, Fəzilət və Səadət partiyalarında fəaliyyət göstəriblər. 1998-ci ildə Abdulla Gül, Rəcəb Təyyub Ərdoğan, Bülənd Arınc və digərləri öncüllüyündə Fəzilət Partiyasında köhnələr və yenilikçilər arasında dartışma vardı. 1998-ci ildə qurultayda sədrlik uğrunda bu qüvvələr arasında ciddi rəqabət getdi və səs faizləri arasında da fərq böyük deyildi. Ancaq indi AKP ətrafında belə prosesi gözləmirəm.
- Niyə?
- Çünki indiki AKP sədri Ərdoğan kifayət qədər xarizmatik liderdir və mümkün qədər partiyadan qopmaların qarşısını almağa çalışacaq. İndiyə qədər də, bu prosesi qabaqlamaq üçün addımlar atıb. Düşünürəm ki, bundan sonra da, belə addımlar atılacaq.
- Sabiq prezident Abdulla Gülün Əli Babacanın quracağı partiyada təmsil olunacağı nə dərəcədə realdır?
- Abdulla Gülün mövqe və hərəkətlərinin müşahidəsi əsasında deyə bilərik ki, sabiq prezident əsasən səhnə arxasında qalmağa, çox da önə çıxmamağa çalışır. İddialar var ki, Əli Babacanın quracağı partiyanın fəxri lideri Gül olacaq. Amma faktiki partiyanı idarə edən şəxs Babacanın özü olacaq. Bunun nə dərəcədə effektiv model olduğu müzakirə mövzusudur. Açığı, Abdulla Güllə Əli Babacanın birlikdə gücü və xarizmasının Ərdoğanın qarşısında müqavimət gücü formalaşdıracaq səviyyədə ola biləcəyini düşünmürəm.
İkincisi, Abdulla Gül, Əli Babacan və Əhməd Davudoğlu uzun illər Ərdoğanla birlikdə hakimiyyətdə olublar. 2003-cü ildən 2015-ci ilə qədər bu şəxslər Türkiyədə böyük dövlət vəzifələri tutublar. Bu mənada AKP-nin Türkiyədə qazandığı uğurlar və uğursuzluqlar da bu şəxslərin də məsuliyyət payı var. Yəni onlara qarşı irəli sürüləcək belə iddialar var.
Bu mənada Türkiyə cəmiyyəti daha mütərəqqi fikir sahibdir və bu qrup tərəfindən cəmiyyəti nəyəsə inandırmaq çox çətin olacaq. Abdulla Gül AKP hökumətində xarici işlər naziri, baş nazir və prezident vəzifəsini tutmuş şəxsdir. Əhməd Davudoğlu baş nazir, Əli Babacan isə iqtisadiyyatdan cavabdeh olan nazir və baş nazirini müavini vəzifəsində olub. Yəni bu şəxslərin hər biri hökumətdə əhəmiyyətli mövqelərdə olub. İndi Türkiyənin qarşılaşdığı problemlərə görə, bu şəxslərə qarşı əks arqumentlər irəli sürülür və deyilir ki, vəziyyətin bu həddə gəlməsində onların da payı var. Bu mənada onların işi partiya quracaqları halda o qədər də hamar olmayacaq.
- Əhməd Davdoğlunun AKP-dən ayrılaraq başqa bir partiya qurması haqda fikirlər səngimək bilmir. Belə bir addım baş verə bilərmi?
- Əhməd Davudoğlu bir neçə müddətdir ki, açıqlamalar verir və bu açıqlamaları onun yeni partiya qurması istiqamətində fəaliyyəti kimi təqdim edilir. Amma Davudoğlunun partiya quruculuğu ilə məşğul olmasına dair konkret faktlar və ortada əməl də yoxdur. Hətta mümkündür ki, Davudoğlu ilə müəyyən danışıqlar aparılsın və o partiya qurmaq fikrindən daşınsın. Ancaq AKP iqtidarı və onun qüsurları mövzusunda ən çox tənqid ediləcək şəxslərdən biri də Davudoğludur.
Məhz Davudoğlu Türkiyənin xarici siyasətində ciddi problemlər yaradan nazir kimi qiymətləndirilir. Xüsusilə, onun Suriya siyasətinin Türkiyəyə böyük zərər verdiyi qənaəti formalaşıb. Bu mənada Əhməd Davudoğlu əgər partiya quracaqsa müəyyən qədər ciddi tənqidlərlə üzləşə bilər. O cümlədən Davudoğlu müəyyən müddət Türkiyənin baş naziri olub və bu gün ölkədə yaşanan problemlərdə onun rəhbərlik etdiyi dönəmin əhəmiyyətli payı var.
- Müşahidələr AKP daxilində ayrılaraq iki partiya qurmaq xəttinin olduğunu ortaya qoyur. Bəs AKP lideri Ərdoğanın buna görə narahatlığı hiss edilirmi?
- Ərdoğan təcrübəli siyasətçidir və bu narahatlığını büruzə verməməyə çalışır. Bunu da təbii qarşılamaq lazımdır. Ərdoğan bir neçə gün əvvəl dedi ki, gedilən yolda dayananlar, özlərinə başqa yol seçənlər tarixdə heç olub getdilər və bu gün kimsə onları xatırlamır. Bu həm yeni partiya quranlara bir etirazdır, digər tərəfdən AKP sədri istəməz ki, partiyadan bir nəfər belə əks tərəfə keçsin. Bu mənada narahatlığın olması təbiidir. Prezident Ərdoğanın bölgələrdə yerli təşkilatlarla canlı təmaslara keçəcəyi, səfər turuna çıxacağını da bu konteksdən qiymətləndirmək olar.
- AKP daxilində başlayan bu prosesin partiyanın bölünməsinə gətirib çıxarmayacağı fikrindəsiniz?
- Yox. Belə bir imkan yoxdur. Partiya qurmaqda adı hallanan şəxslərin qurucu üzvlərdən və partiya rəhbərliyində təmsil olunan şəxslərdən kimisə aparacaqlarına dair konkret adlar yoxdur. Müxtəlif adlar çəkilsə də, bu, təsdiqini tapmayıb. Bu mənada düşünmürəm ki, AKP daxilində ciddi bölünmə yaratsın. Ola bilsin ki, az miqdarda şəxslər partiyadan getsin, amma bu ciddi sarsıntılara səbəb olmayacaq.
- MHP-dən ayrılan bir xanım böyük partiya qurmağı, hətta parlamentə düşməyi bacardı. Siz düşünürsünüz ki, AKP-ni yaradanlar, uzun illər hakimiyyətdə təmsil olunan şəxslər bunu bacara bilməz?
- Situasiyalar fərqli olduğundan paralellər aparmaq da çətindir. Məsələ vəzifə tutmaqdan getmir. Meral Akşenərin ictimai dəstəyi çox idi. Üstəlik özləri qeyd edirdilər ki. partiyada onlara haqsız olub. Sonrakı mərhələdə onlar alternativ qurultay keçirmək üçün qurultay nümayəndələrinin yarıdan çoxunun imzasını toplamışdı. Ancaq onların qurultayının keçirilməsinə dövlət dəstəyi ilə maneə olundu. Yəni onların haqları tapdandı deyə ictimai dəstəyi artdı.
Digər tərəfdən Akşenərlə birlikdə namizədliyini irəli sürən 4 nəfər uzun müddət MHP daxilində müxalif mövqedə dayandı, partiya rəhbərliyinin apardığı siyasəti tənqid etdilər. Bu tənqiddə cəmiyyət tərəfindən təqdir olunurdu. Bu mənada bu iki situasiyanın müqayisə edilməsini doğru saymıram. Bu bir tərəfdə isə AKP başında xarizmatik lider var, güclü siyasətçidir və partiyasını ətrafında saxlamağı bacarır. Bu günə qədər AKP-dən ayrılanlar da ciddi sıxıntı yarada və alternativ formalaşdıra bilməyib.
Bəli, bu dəfə format bir qədər başqadır. AKP özü ictimai rəydə mövqelərinin müəyyən hissəsini əldən verib. Amma təbii ki, 17 il hakimiyyətdə olan AKP rəhbərliyi bu durumdan çıxmaq üçün tədbirlər haqqında düşünürlər. Nəhayətdə yeni partiya yaranmayıb, hələlik bunun müzakirəsi gedir. İndidən konkret bir söz demək çətin olsa da, görünən odur ki, AKP-yə ciddi zərər dəyməyəcək və onun sıralarından ciddi qopmalar müşahidə edilməyəcək.
- İndi AKP-dən ayrılıb yeni siyasi partiya yaratmaq niyyətində olan siyasətçilər çox ehtiyatla hərəkət edirlər. Bu nə ilə bağlıdır?
- Əslində yuxarıda qeyd etdik. Bu şəxslər AKP-də və hökumətdə yüksək postlar tutublar. Və 2015-ci ilə qədər həyata keçirilən siyasətin iştirakçısı olublar. Türkiyə cəmiyyətində sorğulama da var. O mənadakı belə narazılıq vardısa, 2016-cı ildə Türkiyədə ciddi mübarizə getdi, ölkənin siyasi sistemi dəyişdi. Siz nədən bu zaman susdunuz və s. Yəni onlara belə suallar yönəlir.
İkincisi, şübhəsiz ki, həm də Ərdoğandan da bir ehtiyatlanma var. Çünki bu şəxslər uzun illərdir ki, Ərdoğanla birgə yol gəlirlər. Bu yolun rəhbəri isə Ərdoğan olub. Bu şəxslər Ərdoğanın rəhbərliyi altında fəaliyyət göstəriblər. Bu mənada müəyyən psixoloji sıxıntıların olması da təbiidir.