13 İyul 2019 08:26
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyevin 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gəlməsi ölkədə milli özünüdərk prosesinin sürətlənməsinə səbəb oldu. Faktiki olaraq Heydər Əliyevə qədər Azərbaycana rəhbərlik edən, vəzifə sahibi olan şəxslər daha çox Moskvanın ideoloji xəttini yürütməyə üstünlük verirdilər. Yəni, milli kimlik davası deyə bir nəsnəyə imkan vermirdilər. Eyni zamanda milli özünüdərk üçün əlavə imkanların yaradılmasına çalışmırdılar.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist, siyasi ekspert Azər Həsrət bildirib.

O qeyd edib ki, ancaq ulu öndər Heydər Əliyev özünün qətiyyəti və cəsarəti ilə bu məsələlərin üzərinə getdi və milli özünüdərk prosesini çox sürətli bir şəkildə həyata keçirməyə başladı:

“Heydər Əliyev Azərbaycanın sovet dövründə rəhbərlərindən birincisi olub ki, özünün rəsmi çıxışlarını Azərbaycan dilində etməyə başlayıb. Faktiki olaraq ona qədər olan rəhbərlər öz rəsmi çıxışlarını rusca edirdilər. Amma Heydər Əliyev hakimiyyətə gələndən sonra öz rəsmi çıxışlarını Azərbaycan dilində etməyə başladı. Yəni, Azərbaycan dilinin xüsusi çəkisinin artırılması, ümumiyyətlə dilimizin qorunub saxlanılması üçün addımlar atdı. Heydər Əliyev bunun ardınca 1978-ci ildə Azərbaycan SSR konstitusiyasının qəbulu zamanı Azərbaycan dilinin rəsmi dövlət dili kimi konstitusiyada əks olunmasına nail oldu. Yəni, Heydər Əliyev Azərbaycan dövlətçiliyi tarixində Xalq Cümhuriyyətindən sonrakı dönəmdə ilk dəfə dövlət dilinin ali qanunda Azərbaycan dili olmasını təsbit edən şəxsdir”.

A.Həsrət qeyd edib ki, Azərbaycanın milli kadrlarının hazırlanmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olub:

“Faktiki olaraq bu gün Azərbaycanın müxtəlif sahələrində çalışan insanların böyük əksəriyyəti məhz Heydər Əliyevin xarici ölkələrə, xüsusilə Rusiyaya göndərib oxutduğu, hazırlatdığı insanlardır ki, onlar yüksək səviyyəli kadrlar kimi yetişib Azərbaycana qayıtdılar və müstəqillik dönəmində ölkəmizə xidmət edirlər”.

Müsahibimiz bildirib ki, ulu öndərin 1969-cu ildə hakimiyyətə gəldikdən sonra atdığı addımlar faktiki olaraq Azərbaycanın bu gün çiçəklənən dövlətə çevrilməsi üçün platforma rolunu oynadı:

“Biz də əlbəttə, çağdaş dövrün insanları olaraq bütün bunları görürük, dəyərləndiririk və bir tərəfdən də sevinirik ki, məhz 1969-cu ildən sonrakı dövrdə Azərbaycana məhz Heydər Əliyev rəhbərlik etdi. Azərbaycanın milli kimliyinin möhkəmlənməsində əvəzsiz xidmətlər göstərdi”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər