16 İyul 2019 09:14
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Rusiyadan S-400-lər alması Yaxın Şərqdəki mövcud geostrateji konstruksiyanı tədricən darmadağın edəcək. Bu, Rusiyanın qurduğu bir tələ idi və Türkiyə çox asanlıqla bu tələyə düşdü.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bu zenit-raket komplekslərinin Türkiyənin müadfiə qabiliyyətini nə qədər artıracağı söhbətini etmək belə çətindir:

“Ərdoğanın üzü gülür və ümidvardır ki, bu silahların davamı olan S-500-ləri də ölkəsində qəbul edəcək və bu silahlar sayəsində o da söz sahibi olacaq. Amma bu, əslində belə deyil. Bu, bir rus politoloqun dediyi kimi, Rusiyanın zəfəri, triumfudur. Çünki Rusiya bu addımı ilə Şimali Atlantika blokunda böyük bir çat yaratdı. İndi elə bir vəziyyət yaranıb ki, Almaniya, Fransa, Böyük Britaniya və ABŞ öz müttəfiqləri olan Türkiyəyə açıq-aşkar ittihamlar irəli sürürlər. Ərdoğan yenə də bu ittihamların heç birinə əhəmiyyət vermir və əlini yelləyərək keçir. Ancaq bəzi şərhçilər hesab edirlər ki, Qərbin qəzəbi Türkiyənin Şimali Atlantika blokundan çıxarılmasınadək gedib çıxa bilər. Üstəlik, Qərb Türkiyəyə çox böyük sanksiyalar tətbiq etmək niyyətindədir. Artıq bir sıra şirkətlər, özü də elm-texnologiya tutumlu şirkətlər Türkiyəni tərk etməyə başlayıblar. Artıq birjalarda da çaxnaşma düşüb. Lirə ucuzlaşmaqda davam edir, dolların isə qiyməti qalxır. Qərb Ərdoğanın etinasızlığına susmaqla etirazını bildirir. Bu susqunluq sanksiyaların tətbiq edilə biləcəyinə dair xəbərlərlə müşayiət olunur. Bu vəziyyət Türkiyənin maliyyə bazarında çox xoşagəlməz vəziyyətin yaranmasına gətirib çıxarıb”.

Q.Hüseynli qeyd edib ki, onsuz da son iki il ərzində Türkiyənin ixracı ilə idxalı arasında böyük bir fərq yaranmışdı:

“Türkiyə ötən il idxalla ixrac arasındakı fərqi 68 milyard dollar mənfi saldo, yəni kəsirlə başa vurub. 2019-cu il üçün verilən proqnozlar daha kədərli proqnozlardır. Bu proqnozlar Türkiyənin həm milli gəlirinə, həm də əhalinin maddi rifahına kəskin şəkildə təsir göstərəcək. Zənnimcə, belə ağır vəziyyətdə 3,5 milyard dollar pulu Rusiyanın cibinə qoyub onu varlandırmağın heç bir mənası yox idi”.

Politoloqun fikrincə, Türkiyənin əhatəsində elə bir dövlət yox idi ki, onu təhdid etsin:

“Zənnimcə, S-400-lər Türkiyə üçün o qədər də lazımlı silah rolunu oynamayacaq. Çoxları bunu əbəs yerə xərclənmiş milyardlar kimi dəyərləndirir. Əsas məsələ ondan ibarətdir ki, Türkiyə və NATO ölkələri arasında böyük çat əmələ gəldi. Rusiya NATO-nu bölməyi bacardı və Türkiyəni necə deyərlər, öz yedəyinə qoşmağa nail oldu. Türkiyənin bu yedəkdə nə qədər gedəcəyini söyləmək çətindir. Amma hər halda qəbul edilən siyasi qərarın düzgün olmadığını isbat edənlərin və etməyə çalışanları sayı günbəgün artır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər