16 İyul 2019 12:26
2 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com politoloq Zərdüşt Əlizadə ilə müsahibəni təqdim edir.

- Zərdüşt bəy, nəhayət Rusiya Türkiyəyə S-400 komplekslərini çatdırmağa start verib. Siz, bu prosesi necə şərh edirsiniz?

- Türkiyə ilə Rusiya arasında S-400 zenit-raket kompleksləri ilə bağlı razılaşma əldə edilmişdi. İndi hər iki tərəf razılaşmanı yerinə yetirir, imzalarına hörmətlə yanaşırlar. Başqa sözlə, müqaviləyə uyğun olaraq, Rusiya öz öhdəliyini yerinə yetirir, Türkiyə də istəyini həyata keçirərək komplekslərini qəbul edir. Böyük ehtimalla türk hərbiçilər Rusiya hərbi mərkəzlərində S-400 kompleksləri ilə bağlı təlim keçirlər. Türk mütəxəssislər də S-400-ləri öyrənir. 2020-ci ilin aprelində müqavilə bütövlükdə yerinə yetiriləcək. Bundan sonra Türkiyə hava hücumundan müdafiə qüvvələrində müasir raket kompleksləri olacaq. Bu müqavilənin Türkiyə üçün mühüm bir üstünlüyü də var. Bu da onunla ibarətdir ki, Türkiyə özü də Rusiya ilə yanaşı komplekslərin hansısa hissələrinin istehsalı ilə məşğul olub texnologiyasına sahiblənəcək.

- İddialar var ki, S-400 kompleksləri əldə etdiyi informasiyanı ilkin olaraq Türkiyəyə deyil, Rusiya hərbi strukturlarına ötürəcək. Bu nə dərəcədə mümkündür?
- Bunlar boş və mənasız iddialardır. İnformasiyanı ötürmək üçün radiodalğa və başqa dalğalar lazımdır. Türkiyə tərəfi informasiyanı ötürən radiodalğaları və elektron cihazlar dərhal müəyyən edə bilər. Odur ki, bu ciddi yanaşma deyil.

- Digər bir iddia onunla bağlıdır ki, S-400 kompleksləri Rusiya istehsalı olan təyyarələri və digər hərbi xarakterli avadanlıqları tanıdığı üçün vurmur...
- Mənə elə gəlir ki, zenit raketlərinin kompüter təchizatına elə proqram yaza bilərlər ki, bu silahlar rus təyyarələrinə qarşı işləməsin. Ancaq nəzərə almaq lazımdır ki, bu silahı alan ölkə həm də onu sınaqdan keçirir. Yəni gəlib bazarda çətiri açıb bağladı və alıb çıxıb getdi məsələsi deyil. Bu çox mürəkkəb hərbi-texniki maldır. Alıcı bu məmulatı xırdalığına qədər öyrənir, onu sınaqdan keçirir, hər komponentini araşdırır. Çünki buna qarşılıq olaraq böyük pullar ödəyir. Ən azı ilə 150 milyon dollar. Bu mənada mümkündür ki, bu komplekslərin sisteminə rus təyyarələrini vurmamaq üçün proqram yüklənsin, amma bunu alan Türkiyə tərəfi kompleksi öyrənir, sınaqdan keçirir və əmin olanda ki təsirli silahdır, bundan sonra qəbul edir. Bir daha qeyd edirəm ki, Türkiyə tərəfi Rusiyadan razılıq alıb ki, gələcəkdə bu raketlərin istehsalında müəyyən qədər rol oynasın.

- Türkiyə hava məkanı həm də NATO hava məkanı hesab olunur. Yəni Türkiyədə iki hava hücumundan müdafiə sistemi mövcuddur. Həm milli müdafiə sistemi, həm də NATO müdafiə sistemi. S-400 kompleksinin quraşdırılması NATO müdafiə sisteminə hansı problemlər yaradacaq?

- S-400 kompleksləri bir alətdir. Fərz edək ki, Kalaşnikov avtomatı rus silahıdır. NATO əsgəri bu silahdan atəş açıb düşməni öldürə bilməzmi? Əlbəttə öldürər. Zenit raketi də havada olan uçan obyektləri kəşf edir, təqib edir və sonra ona atəş açır. Nə mənası var ki, fəzada hansı təyyarədir? İsrail, NATO və ya Suriya təyyarəsi? Bu silahlar sınaqdan keçirilir və biz yoxlanılmış prosesdən danışırıq. Mən 2 il hava Hücumundan Müdafiə Qoşunları tərkibində Misirdə xidmət etmişəm. O zamanki “Peçora” kimi kompleksləri normal bilirdim. Yəni taktiki-texniki göstəricilərinə bələd idim. Əgər köhnə dviziyonlar öz səmərəsizliyini 1970-ci il döyüşlərində sübut etdirdisə, 1970-1971-ci il döyüşlərində gələn yeni Peçora kompleksləri bir gündə 8 İsrail təyyarəsini vurub yerə saldı. Yəni bu təsirli silahdır. S-400 isə texniki tərəqqinin ən yüksək zirvəsinə çatan məmulatdır. Türkiyə bu silahı əldə etmək və onun istehsalında iştirak hüququ qazanmaqla özünün hərbi sənaye kompleksini bir qədər də irəli aparır.

İkincisi, Türkiyə ABŞ-ın son model F-35 təyyarələrinin müəyyən detallarının istehsalında iştirak edir. Bu da, Türkiyə hərbi-sənaye kompleksi üçün böyük uğurdur. İndi burada sadəcə ABŞ Prezidenti Donald Trampın şıltaqlığı müşahidə olunur. Azad bazar deyən ABŞ hakimiyyəti hazırda cəza tədbirlərindən istifadə edərək uduzduğu ticarət rəqiblərinə hansısa məhdudiyyətlər tətbiq etmək istəyir. Əslində ABŞ Türkiyəyə özünün oxşar raket sistemlərini sata bilərdi. Türkiyədə öz müttəfiqi və dost ölkədən bu tip silah almaq istəyirdi. Rusiyaya qoyduğu kimi ABŞ-a da şərt qoyurdu ki, Türkiyə hərbi sənaye kompleksi bu məmulatların istehsalında müəyyən vəzifə oynasın. Ancaq ABŞ buna razı olmadı. Yəni F-35-lərin istehsal prosesində buna razı olmuşdu, amma raket-zenit kompleksləri məsələsində razı olmadı. Onda da Türkiyə dedi ki, dünyada yeganə silah sizdə deyil ki, mən Rusiyadan alacağam. Əvvəl Türkiyəyə inanmadılar, amma Türkiyənin cəsarəti çatdı və Rusiya ilə müqavilə imzalayıb silahı aldı. Fikrimcə, bu Türkiyə üçün bu böyük uğurdur. Birincisi, hərbi sənayesini inkişaf etdirir, hərbi müdafiə qüdrətini gücləndirir, siyasi cəhətdən onun hörməti artır və dünya görür ki, Türkiyə öz qətiyyəti olan dövlətdir.

- Ancaq indi ABŞ F-35-ləri Türkiyəyə verməkdən imtina edir, açıq bildirilir ki, Türkiyə F-35-lərin istehsalı proqramından çıxarılacaq...

- Birincisi, artıq bir neçə F-35 Türkiyəyə verilib. İkincisi, ABŞ bundan imtina etsə, daha çox özünə ziyan vuracaq. Bu təyyarədən Türkiyədə var. Əgər ABŞ bundan imtina edərsə Türkiyə Rusiya ilə müqavilə imzalayıb SU-57 ala bilər. Bu halda ABŞ yenə də özünə zərbə vurmuş olar. Bilirsinizmi, indi dünyada bazar uğrunda kəskin və amansız savaşlar gedir. Çünki bazar o deməkdir ki, sən nəyisə istehsal edib sata biləcəksən. Yəni öz sənayeni, iqtisadiyyatını gücləndirəcəksən. Yalnız siyasi naşılar bazarlardan imtina edirlər. Necə ki, Ukrayna, Gürcüstan və digərləri rus bazarından imtina etdi. Əslində ağıllı adamlar Rusiya bazarından istifadə edərək malını satır. İndi də ABŞ-da öz cəza tədbirləri ilə Türkiyə bazarlarından imtina edir və əslində səfehlik edir. İkincisi, Türkiyə isə rus bazarına, silah bazarına girir və həm də əmtəə bazarına daxil olur.

- ABŞ S-400 komplekslərini aldığı üçün Türkiyəyə qarşı cəza sanksiyaları gələn həftə açıqlayacaq. Sizcə, hansı sanksiyalar tətbiq edilə bilər?

- Mən məntiqi düşünən insanam. Məntiqsiz düşünən insanların hansı addım atacağını deyə bilmərəm. Tramp məntiqsiz addımlar atmağı sevən fiqurdur. Mən onun nə edəcəyini deyə bilmərəm.

- Ancaq Qərb mətbuatı bu addımla Türkiyənin NATO-ya ciddi ziyan vurduğunu iddia edir...

- Hesab edirəm ki, bunu da naşılar, məsələnin mahiyyətini anlamayan şəxslər deyir. NATO müqavilələrlə tənzimlənir. Hansı müqavilə Türkiyə ilə pozulub və ya Türkiyə tərəfindən pozulub? NATO çərçivəsində birgə fəaliyyət çərçivəsində hansı qanun, anlaşma pozulub? Pozulan heç nə yoxdur. Əksinə, NATO əvvəlki tək rəvan formada işləyir.

- Alman mətbuatı bu alqı-satqı prosesini Putinin NATO üzərində qələbəsi kimi şərh edir...

- Bu, bəsit yanaşmadır. Fikrimcə, bu yolla Türkiyəyə acıq verirlər. Alman mətbuatı ardıcıl olaraq Türkiyə, Ərdoğana qarşı yazır. Almaniyada anti-Türkiyə mövqeyində olmaq bizdə anti-erməni mövqeyi qədər dəbdir. Odur ki, yazırlar ki, Putin vəziyyəti gərginləşdirir, NATO-nu dağıdır və s. Əslində NATO-nu dağıdan yoxdur və hərbi alyans öz yerində durub. NATO-nun müqavilələri işləyir, hərbi strukturu öz yerindədir, sammitləri olur, dövlət başçıları görüşür və vacib siyasi qərarlar qəbul edirlər. Türkiyə də bu prosesdə aktivdir.

- ABŞ-ın cəza tədbirləri misilsiz olsa, Türkiyə NATO-nu tərk edə bilərmi?

- ABŞ Türkiyəyə qarşı heç nə edə bilməz. Nə edə bilər? Deyər ki, sənə F-35 satmıram. Türkiyədə bu model təyyarənin istehsalında iştirak edir. Ağlı olsa istehsalı dayandırmaz və F-35 üçün lazım olan hissələri ABŞ-a göndərməkdə davam edir. Bir müddətdən sonra Tramp gedəcək, yerinə ağıllısı gəlib səfeh qərarları ləğv edəcək.

- İndiki halda Kremil NATO-da müttəfiqlər arasında etimadsızlıq mühiti yaratmağa cəhd edirmi?

- NATO Rusiyanın rəqibidir. Rusiya daha çox silahı satıb pul qazanmaq istəyir. Rusiya öz ətrafında sabiq müttəfiq xalqların ərazisində münaqişə yaratması nəyə xidmət edir? Bir tərəfdən onları siyasi təsir dairəsində saxlamaq, digər tərəfdən, onlara silah satmaq. Hətta Ukrayna ilə münaqişə şəraitində olanda Poroşenkonun yaxın adamları Rusiyadan hərbi avadanlıqlar üçün hissələr alıb, ikiqat bahasına Ukrayna ordusuna satırdı

. Demək istəyirəm ki, Rusiya öz silah bazarını genişləndirməyə çalışır. Çünki Rusiyanın digər iqtisadi sahələrdə geriliyi özünü göstərir. Belə şəraitdə Türkiyə ilə silah sövdələşməsi Putinin ticarət uğurudur. Buna siyasi rəng vermək mənasızdır. ABŞ xarici siyasətində və biznes uğursuzluğunu pərdələmək üçün siyasi uydurmalar tapıb səsləndirir. Silah dəmirdir. Dəmiri bura yönəldərsə bura atar, ora yönəldərsən o tərəfə atar.

- Türkiyə-Rusiya yaxınlaşmasının tarixi nəticələri olub. Növbəti yaxınlaşmanın perspektivini necə görürsünüz?

- O dövrdəki Türkiyə Osmanlı imperiyası idi, elə Rusiya da imperiya idi. Onların arasında çox müharibələr olub. İndi Türkiyə imperiya deyil. Rusiya da özünü imperiya kimi aparsa da, əslində imperiya deyil. Bu iki ölkə arasında müəyyən mövqe yaxınlaşması var və bu da əsaslıdır. Birincisi, coğrafi yaxınlıq var. İkincisi, siyasi məqsədlərin yaxınlığı var. Üçüncüsü, siyasi rəqabiləri ortaqdır. Dördüncüsü, eyni təhlükələrin mövcudluğu. Terrorizm Rusiya üçün olduğu kimi, Türkiyə üçün də təhlükədir. Buna qarşı da əməkdaşlıq edilir və yaxınlaşma baş verir. Əslində bu yaxınlaşma bizim üçün müsbət hadisədir. Çünki biz Türkiyə ilə yaxınıq, amma Rusiyadan uzaq deyilik. Böyük qonşularımız nə qədər mehriban olsalar, bizə bir o qədər yaxşıdır.


Müəllif: Cavad

Oxşar xəbərlər