“Artıq Rusiyadan alınan “S-400”-lər Türkiyəyə gətirilib. Bununla iki ölkə strateji hərbi əməkdaşlıq müstəvisində yeni mərhələyə start verdi. Bu, həm də Türkiyə və NATO arasında soyuq münasibətlərin başlanmasının başlanğıcı oldu”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin fikrincə, Ankara-Moskva hərbi-texniki əməkdaşlığı NATO daxilində “çat”ın yaranmasına və Rusiyanın bu hərbi ittifaq üzərində psixoloji-siyasi qələbəsinə səbəb olacaq:
“Habelə Türkiyə rəhbərliyi bu silahları almaqla, 2016-cı il iyulun 15-də onu dövlət çevrişinə cəhddən əvvəl xəbərdar edən Rusiyaya minnətdarlıq idi. Bu baxımdan, sistemlərin çevrilişə cəhdin ildönümü ərəfəsində alınması təsadüfi deyildi, bunu Qərbə mesaj saymaq olar. Amma Ankara bununla demək olar ki, Qərbin bir nömrəli hədəfinə çevrildi.
Hesab edirəm ki, Türkiyənin bu raket sisteminə ehtiyacı yox idi. Qərblə normal əməkdaşlıq davam etsəydi, Türkiyə özünü kimdən müdafiə edəcəkdi?. Hazırda Suriya və İraqdan Türkiyəyə havadan heç bir təhlükə yoxdur. Yunanıstanla da NATO-da hərbi müttəfiqdir. Görünür bununla Qərbdən uzaqlaşmaq yolu tutan Ərdoğan NATO və ABŞ-dan müdafiə olunmağı planlaşdırır. Əlbəttə, AKP-nin bu siyasəti həm öz hakimiyyəti, həm də ölkənin milli təhlükəsizliyinə təhlükə vəd edir, riskli gediş idi”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ və Avropa 2023-cü il seçkisinə qədər ölkə daxilində və xaricində Ərdoğanı zəiflətmək planı həyata keçirəcək: “Qənaətimə görə, ABŞ Türkiyəyə qarşı iqtisadi sanksiyaları işə salsa, daxildə Ərdoğan qarşı etirazlar dalğası başlayacaq”.