16 İyul 2019 15:01
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olmuş Behbud ağa Cavanşir başda olmaqla Cümhuriyyət quruculuğunda iştirak etmiş şəxsiyyətlərin fəaliyyəti kifayət qədər öyrənilməyib. XX əsrin əvvəlində yaşadığımız 1905-ci il, 1918-ci il hadisələrini dərin bilmədiyimizdən Qarabağaa başımıza faciələr gəldi.

Bu sözləri Teleqrfa.com-a açıqlamasında yazıçı-publisist Mehriban Vəzir deyib.

Onun sözlərinə görə, bu tarix vətəndaşa öyrədilmədiyi üçün buradan dərs ala bilməmişik: “Son dövrdə bir sıra könüllü araşdırmaçılar, tarixçilər, vətənpərvər insanlar bu şəxsiyyətlərin həyatını öyrənir və ictimaiyyətə təqdim edir. Həqiqətən onların həyatı bizim üçün böyük məktəbdir. Vətənpərvərlik nümunəsi olan şəxsiyyətlərdən biri də Behbud ağa Cavanşirdir. Soyadından göründüyü kimi, böyük bir şəcərənin, Cavanşirlərin övladıdır, üzərinə böyük məsuliyyət qoyulmuş zümrənin yetirməsidir. Onların missiyası bu torpaqlarda vətən qurmaq idi. Qurdular və Cavanşir idarəetməsinin yaratdığı mədəniyyəti bu gün də Azərbaycan xalqı olaraq istifadə edirik, öyünürük, dünyaya çıxırıq, amma onun yaradıcılarına minnətdarlıq rəyini yarada bilmirik. Behbud ağa Cavanşirin dediyi kimi, onun düşməni yoxdur, Qarabağda onun yeganə düşməni ermənidir, əslində isə ermənilər rusun, ingilisin tətikçisi idi”.

Mehriban Vəzir vurğulayıb ki, Behbud ağa Cavanşirin qatili Mişaq Torlakyan kimi sonra da onlara bəraət verilirdi: “Çünki arxalarında imperiya, böyük maliyyə dayanırdı. Hədəf işğal idi, erməniləri təlim edən rus imperiyası idi, yetim erməniləri götürüb terrorçu və killer kimi yetişdirirdilər”.

Mehriban Vəzir hesab edir ki, Behbud Cavanşirin həyat hekayəsi elmi, ictimai və bədii səviyyədə öyrənilməlidir: “Bəzi qeydləri ictimai şüura salmaq üçün müxtəlif vasitələrdən, film, nəğmələr, populyar ədəbiyyat, teatr janrlardan istifadə oluna bilər. Behbud ağa Cavanşirin həyatının hər günü səhifə-səhifə öyrənilməlidir, çünki böyük məktəbdir. Xalq bu örnəklərdən dərs almazsa, vətəni qorumaq anlayışı ictimai şüurda olmaz”.

Onun sözlərinə görə, dünya təcrübəsində yüzillərdir vətəndaşın daha vətənpərvər olması üçün gözəl örnəkləri onun beyninə yeridirlər: “Cavanşir nəslinin kökü Çingiz xana bağlıdır. Bu nəsil böyük xadimlər, Azərbaycan ictimai fikrinin inkişafında mühüm xidmətləri olmuş nümayəndələr yetişdirib. Mən Cavanşirlərdən ikisi haqda kitab yazmışam, Həmidə xanım Cavanşirin xatirələrini tərcümə eləmişəm, Gövhər ağa Cavanşirin və Ağabəyim ağa Cavanşirin həyatı haqda kitablarım var. İndi də çox fədakar, qəhrəman Əhməd bəy Cavanşir haqqında kitab yazıram. Bir nəsil bu qədər bəhrə verirsə, bu, fenomendir. Bu fenomeni öyrənmək lazımdır. Bu fenomenin kökünün niyə kəsildiyi araşdırılmalı, ictimaiyyət bunu bilməlidir. Əlbəttə, nəsillərin kökünü sonadək kəsmək mümkün deyil. Amma həqiqətən rus işğalı çox böyük zərbə vurdu, bu nəslin nümayəndələrini, istedadlarını bir-bir hədəfə alaraq ermənilərin əli ilə məhv elədi. Hər zaman işğal şəxsiyyətlərlə vuruşur. Çünki cəmiyyəti irəli aparan onun böyük şəxsiyyətləridir. Ona görə də bir daha qeyd etmək istərdim, biz bu şəxsiyyətlərin həyatını dərindən öyrənməliyik”.

Mehriban Vəzir Fətəli xan Xoyskinin qurduğu ikinci hökumət kabinetində daxili işlər naziri postunun Behbud ağa Cavanşirə həvalə etməsinin səbəbini belə izah edib: “Xoyski ilə Behbud ağa bir-birini çox gözəl tanıyırdı. Həm də keçmişdən gələn, bəlkə yüzillik qohumluq əlaqələri vardı. Xoy xanlığından olan insanlar daim Cavanşirlərlə nikahla qan qovuşdurmuşdular. Birincisi, bu cür bağlar onları birləşdirirdi, onların dəbə-babaları bir olmuşdu, eyni zamanda bir-biri ilə savaşmışdılar, Ziyadoğlularla Cavanşirlər, Cavad xanla İbrahim xan kimi bir-biri ilə qohum olurdular, yeri gələndə müharibə edib döyüşürdülər. Savaşlar onlara qan qovuşdurmağa mane olmurdu. Dərk edirdilər ki, zatı qırmaq olmaz, yəni kök qanlarla davam etməlidir. Xoyski ilə Behbud ağanın bir-biri ilə ictimai əlaqələri sıx idi. Xoyski bilirdi ki, bu yolda ən sədaqətli, fədakar, dürüst və peşəkar kim ola bilər”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər