“Keşikçi dağı” ətrafında yaradılan süni qalmaqal və iyulun 14-də sərhəddə bir qrup Gürcüstan vətəndaşının Azərbaycana sərhədçilərinə qarşı törətdikləri insidentlə məsələnin gündəmə gəlməsi bir sıra nüansları da özü ilə ortaya çıxardı. Hədəf məlumdur, Azərbaycan və Gürcüstan münasibətlərini pozmaq. Burada Ermənistan xüsusi xidmət orqanlarının, Tbilisidə gürcüləşmiş erməni elitasının və erməni lobbisinin, eləcə də bölgəyə dair planları olan bəlli qüvvələrin marağı və birbaşa iştirakı şübhəsizdir. O da şübhəsizdir ki, Azərbaycanda da eyni ssenarinin tərkib hissəsi olan, yaxud, hadisədən siyasi divident qazanmaq məqsədilə buna can atanlar var və onların özlərini ifşa etməsi uzun çəkmədi.
Keçmiş diplomat, başqa ölkənin kəşfiyyat orqanı ilə əməkdaşlığı sirr olmayan Arif Məmmədov da Azərbaycana qarşı təxribat olan bu oyunda iştirakını öz dili ilə etiraf etdi. Məmmədovun diplomatik etiketə uyğun olmayan, həm də məlum dairələrin sifarişi ilə dilə gətirdiyi son açıqlaması bu şəxsin mahiyyətini və məqsədini yenidən ortaya çıxarır.
A.Məmmədov Avropada birgə yaratdıqları və həmsədrlik etdikləri Qənimət Zahidə müsahibə verib. Onun sifarişli açıqlamanı məhz Q.Zahidə verməsi də diqqətdən yayınmayan detaldır, hərçənd, bu fikirlərini həmişə olduğu kimi sosial şəbəkə hesabında da yaya bilərdi.
Açıqlamada gizlənən şifrələrdə hədəfin əslində nə olduğu aydın görünür:
Birinci məqam: Məmmədov deyir ki, “Bizim üçün Keşikçi dağ məbədinin önəmi onun tarixi tərəfidir. Əlbəttə Azərbaycan ərazisidir. Amma biz Gürcüstanla danışa bilərdik ki, bizim ərazimiz olsa da, gürcü dindarları üçün ora gəlişi sərbəst olsun. Sərhədçilərin də orda yerləşdirilməsi qıcıqlandırır. Artıq ikinci dəfə belə hadisə baş verir. Bu provokasiyadır”.
O, bu açıqlaması ilə Azərbaycan sərhədçilərinin Keşikçi dağı məbədi ərazisində keşiş çəkməsindən narahat olduğunu etiraf edir. Və onun istəyinə görə, sərhədçilərimiz gürcüləri qıcıqlandırdığı üçün ərazidən uzaqlaşdırılmalıdır. Burada diqqətçəkən məqam Məmmədovun Azərbaycan-Gürcüstan münasibətlərini qızışdırmaq məqsədinə xidmət etməsidir. O, Gürcüstanda gürcüləşmiş ermənilər və bu təxribatın icraçılarının dili ilə danışır, “Azərbaycan sərhədçisinin ərazidə olmasından narahatlığını” dilə gətirir.
İkinci məqam: “Mənə sərhədçilərin özlərini elə aparmaları qəribə gəldi, elə bil təlimat almışdılar. Necə olur onlar rus dilində danışmayıb? Gürcülər rus dilini bizdən qat-qat zəif bilir. Amma onlar rus dilində danışırdılar. Bizimkilər cavab vermirdilər. Sanki bu provokasiya idi”, - Məmmədov danışır.
Bu sözlər belə oxunmalıdır: “Təxribatı Azərbaycan sərhədçiləri törədib”.
Bu fikirlər kimin mətbəxində hazırlanıb, Məmmədov?!
“Azərbaycan sərhədçiləri gürcü zəvvarların məbədə girişini məhdudlaşdırır”, “Azərbaycan sərhədçilərindən gürcü zəvvarlara qarşı təxribat”. Keşikçi dağı məbədi ilə bağlı qalmaqal gündəmə gələndən sonra Ermənistan mediasının mütəmadi olaraq, atdığı manşetlər belədir. Hətta ermənilər gürcüləri Azərbaycana qarşı hücuma da səsləyirdilər. İndi Məmmədov, özünə azərbaycanlı deyən bu şəxs Azərbaycana qarşı İrəvanın mətbəxində hazırlanmış ittihamları tirajlayır.
Görünür, sərhəd təxribatının baş tutmaması, Azərbaycan və Gürcüstanın tələyə düşməməsindən bağlı olduğu dairələr kimi Məmmədov da narahatlıq keçirir. Lakin o, təkcə böyük təxribatın fitilini yandırmağa cəhd etmir, həm də səfir işlədiyi dövrdə dövlət sirri sayılacaq informasiyaları açıqlayır, hərçənd, onun dediklərində həqiqət payının olmasına böyük şübhələr var.
Üçüncü məqam: İddia edir ki, Azərbaycan Rusiyanın nəzarətindədir və iddiasını isbatlamaq üçün bildirir ki, vaxtilə AŞPA-da Regional Komitəyə seçkilər keçiriləndə Azərbaycan nümayəndə heyəti italiyalı bir xanıma səs verəcəkmiş, lakin Rusiya bunun əleyhinə çıxdığı üçün fikrini dəyişdirib. Hətta Məmmədov məsələ ilə bağlı XİN və Prezident Administrasiyana zəng etsə də, ona cavab verilməyib.
Məmmədovun bu sözlərinin nə dərəcədə doğru olması şübhəlidir, söhbət başqa ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən bir diplomatdan gedirsə, belə şübhələr daha da güclənir. Xeyr, Məmmədov diplomat olduğu dövrdə nəyinsə şahidi olubsa və həqiqətən də Azərbaycan AŞPA-da Rusiyanın maraqlarını nəzərə alıbsa, bu təbii prosesdir. Çünki Azərbaycan regionda düşünülmüş siyasəti ilə tanınan ölkədir və dövlət olaraq, güclənməyimizdə, xarici təhdidlərin zərərsizləşdirilməsində bu siyasət həmişə bəhrəsini verib. Çoxvektorlu diplomatiyaya əsaslanan bu siyasətin nəticəsi olaraq, Azərbaycan bu və ya digər beynəlxalq təşkilatlarda Türkiyə ilə, digər təşkilatda Rusiya ilə, başqa təşkilatda Ukrayna və Gürcüstanla, bir başqasında ərəb ölkələri ilə, o cümlədən, Qazaxıstan və digər türkdilli ölkələrlə birgə hərəkət edir, öz milli maraqlarına uyğun addımlar atır. Əgər Azərbaycan AŞPA-da Rusiya ilə birgə hərəkət edibsə, deməli dövlət maraqları bunu tələb edib və bu olduqca normal haldır. Təcrübə təsdiqləyir ki, rəsmi Bakının çoxvektorlu diplomatiyası daim Azərbaycanı xarici təhlükələrdən xilas edib və dövlətin güclənməsi, proseslərdən daha qazanclı çıxması ilə nəticələnib. Məmmədovun “Amerika kəşf etmiş kimi” danışması isə olduqca gülüncdür. Və həm də o, bununla özünü ifşa edir.
Birincisi, onun dedikləri doğrudursa, Azərbaycan nə vaxtsa AŞPA-da Rusiya ilə birgə hərəkət edibsə, o zaman, bu dövlət sirridir və Məmmədov diplomatik fəaliyyətin detallarını açmaqla bütün xidməti etiket qaydalarını tapdalayır və daşıyıcısı olduğu dövlət sirlərini faş edir. Bu, onun dövlətə xəyanət etməsi deməkdir və qanunvericiliyə görə cinayət məsuliyyətinə cəlb olunmasını şərtləndirir. Onun Azərbaycanın dövlət sirrini bağlı olduğu kəşfiyyat orqanlarının istəyinə uyğun olaraq, rəsmi Bakıya təzyiq məqsədilə açdığı da şübhəsizdir.
İkincisi, onun “kəşfi” həqiqət deyilsə, deməli, vaxtilə diplomatı olduğu Azərbaycana qarşı məqsədyönlü fəaliyyət göstərir.
Hər iki halda Məmmədov Azərbaycanı satmağı öz qayəsi olaraq seçib.
Onun açıqlamasında diqqətçəkən digər məqamlar da bu şəxsin Azərbaycana qarşı məqsədyönlü fəaliyyət göstərdiyini deməyə əsas verir.
Dördüncü məqam: Məmmədov iddia edir ki, Prezident İlham Əliyevlə görüşündə guya dövlət başçısı ona Azərbaycan xalqının əleyhinə olan sözlər deyib.
1. Məmmədovun dövlət başçısı ilə heç bir yaxınlığı olmayıb ki, belə bir danışıq olsun. O, adi diplomat idi və müəyyən beynəlxalq tədbirlərdə iştirak edirdi. Onun ən yaxşı halda tabe olduğu nazirə çıxışı ola bilərdi. Hərçənd, özü də etiraf edir ki, zənginə XİN-dən cavab verilmirmiş.
2. Nə XİN-dən, nə də Prezident Administrasiyasından zənginə cavab verilməyən bir şəxs necə ola bilər ki, Azərbaycan Respublikasının Prezidenti ilə birbaşa söhbət etsin.
3. Məlumdur, öz kimliyini satmış Məmmədov dəyərdən düşmüş qiymətini qaldırmaq istəyi ilə belə iddialar səsləndirir. Çünki dünya təcrübəsində öz dövlətini satan bir diplomatı bütün ölkələr hər iki mənada alçaqda görür.
Görünür, Məmmədov öz “dəyərini” qaldırmaq üçün Azərbaycan Prezidentinin adından sui-istifadə edir. O da diqqətdən yayınmır ki, Məmmədovun “Keşikçi dağ məsələsində cəmiyyətin etirazı olmasaydı, İlham Əliyev gedib orda danışıb məbədi onlara bağışlayardı”, “Azərbaycan Rusiyanın forpostudur”, “Artıq heç kəsə sirr deyil ki, Azərbaycan tam Rusiyanın nəzarətindədir” sözləri ilə eyni mahiyyət daşıyan təbliğat demək olar ki, hər gün Ermənistan mediasında Azərbaycana və bu ölkənin liderinə qarşı tirajlanır. Və bu, Məmmədovun öz “dəyərini” hansı ölkənin kəşfiyyat orqanları qarşısında qaldırmaq istədiyini də aydınlaşdırır. Ö dövlətinə xəyanət edən biri üçün bu, o qədər də çətin deyil...
Asif Nərimanlı