23 İyul 2019 09:04
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vladimir Zelenski Ali Radada həlledici üstünlük qazana bilməsə də, onun “Xalqa xidmət” Partiyası topladığı səs faizinə görə ilk yerdə dayanır. Belə ki, “Xalqa xidmət” Partiyası Mərkəzi Seçki Komissiyasının protokolların 50 faizini emal etməsindən sonrakı rəyinə görə, Ali Radada 247 yer qazana biləcək. Bu da ona parlamentdə birpartiyalı çoxluğu formalaşdırmağa imkan yaradacaq.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, bu səbəbdən “Xalqa xidmət” Partiyası istənilən kiçik qurumla əməkdaşlıq edərək parlamentdə həlledici çoxluğa nail ola bilər:

“Açığı, mən Zelenskinin partiyasının – qısa vaxt ərzində yaradılmış siyasi təsisatın bu qədər səs toplayacağını gözləmirdim. Demək, Zelenskinin xalq arasında mövqeləri hələlik kifayət qədər güclüdür. Ukrayna xalqı ona böyük ümidlər bəsləyir. Güman edirəm ki, parlamentdə də tam uğur demək olmasa da belə bir uğurun qazanılması Zelenskinin daha inamlı hərəkət edəcəyinə, daha inamlı qərarlar qəbul edəcəyinə şərait yaradacaq. Hələlik Zelenski dərin islahatlar yoluna qədəm qoymayıb. Yəqin ki, parlament seçkisinin nəticələrini gözləyirdi. Bundan sonra isə o, daha inamlı, daha qərarlı hərəkət edə biləcək. Ölkədə ciddi islahatlar həyata keçirilməlidir. Əks təqdirdə Zelenski xarici investisiyaları ölkəyə cəlb edə bilməyəcək. Xüsusən, ABŞ islahatlar məsələsində daha israrlıdır”.

Q.Hüseynli bildirib ki, V.Zelenski Ukraynada korrupsiyasız, ölkənin ərazi bütövlüyünü təmin etməyə hazır olan məmurlar korpusunu formalaşdırmalıdır:

“Düzdür, o artıq bütün vilayətlərin qubernatorlarını dəyişdirib. Ancaq Ukraynada bürokratik aparat və onun məmurları var. Onların xərcləri və oğurluqları Ukraynanın inkişaf etməsi yolunda böyük əngələ çevrilib. Zelenski elə bir idarəetmə aparatı qurmalıdır ki, o sayca az, mobil, çevik və tez qərarlar qəbul etməyə qadir olsun. Nəticə etibarilə belə bir aparat üzərində nəzarət də asan olmalıdır”.

Politoloq bildirib ki, Ukrayna parlament seçkisindən sonra dərin islahatlar və ciddi dəyişikliklər yoluna qədəm qoyacaqsa, korrupsiyasız, məmur özbaşınalığı olmayan bir idarəetmə sistemi qura biləcəksə, Zelenski ölkəni öz hədəflərinə çatdıra biləcək:

“Əks təqdirdə Ukrayna Poroşenkonun dövründə olduğu kimi yerində sayacaqsa, Ukrayna xalqı yenə də yanıldığını görmüş olacaq”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər