24 İyul 2019 09:18
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boris Consonun Böyük Britaniyanın yeni baş naziri seçilməsi çox müsbət hadisədir. Bu adam çox praqmatik, dünyada gedən prosesləri gözəl bilən, üstəlik hər hansı kompleksdən uzaq mükəmməl bir insandır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Boris Conson Böyük Britaniyanın xarici işlər naziri olarkən dəfələrlə bu davranışlarını bütün dünyaya, ilk növbədə türk dövlətlərinə münasibətdə ifadə edib:

“Onu da deyim ki, ana tərəfdən Boris Conson türklərə qohumdur. Yəni, anasının nənəsi türk mənşəli bir qadın olub. Bu nöqteyi-nəzərdən türklərlə qohumluq əlaqələrinə malikdir. Boris Conson, həmçinin, Böyük Britaniya iqtisadiyyatını yaxşı bilir. Böyük Britaniyanın dünya siyasətində oynadığı, oynamalı olduğu rolu da gözəl başa düşür. Zənnimcə, onun dövründə çox böyük ehtimalla ola bilər ki, “Breksit” təxirə düşsün, yaxud yenidən referendum keçirilsin. Çünki o yaxşı başa düşür ki, indiki dövrdə siyasi inteqrasiyaya, xüsusilə Avropanın inteqrasiya proseslərinin getməsinə və sıx sıralarla addımlamasına çox böyük ehtiyac var. Ona görə də mən cəsarətlə deyə bilərəm ki, Boris Conson namizədlər içərisində ən layiqlisi idi. Çox yaxşı haldır ki, Böyük Britaniya özünə ən layiqli insanı baş nazir seçdi”.

Politoloq yeni baş nazirin dövründə Böyük Britaniya-Azərbaycan əlaqələrinin necə olacağına dair də fikirlərini bölüşüb:

“Mənim bildiyim qədər onun Türkiyə və Azərbaycana gözəl münasibəti var. Türkdilli respublikalara münasibəti yaxşıdır. Zənnimcə, onun baş nazirliyi dövründə Azərbaycan-Böyük Britaniya münasibətləri normal və yüksələn xətt üzrə inkişaf edəcək”.

Qeyd edək ki, keçmiş xarici işlər naziri və Londonun keçmiş meri Boris Consonun bu gün Böyük Britaniyanın baş naziri seçiləcəyi gözlənilir. Belə ki, bu gün indiki baş nazir Tereza Meyin səlahiyyətlərini başa çatacaq və B.Conson ölkənin yeni baş naziri olacaq. Beləliklə, hakimiyyətin rəsmən ötürülməsi prosesi iyulun 24-də baş tutacaq. Bu gün Mey parlamentdə sonuncu dəfə parlamentarilərin suallarını cavablandıracaq. Kraliça II Yelizaveta Meyın istefasını qəbul edəcək və yeni baş nazirdən hökumət qurmağı xahiş edəcək. Əsas postlara təyinatlar gözlənildiyi kimi iyulun 24-ü axşam saatlarında açıqlanacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər