25 İyul 2019 15:05
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə vətəndaşlarına Azərbaycana gəliş-gediş üçün vizanın qaldırılması ilə bağlı ölkə prezidenti İlham Əliyevin qəbul etdiyi qərar böyük əhəmiyyət daşıyan tarixi bir qərardır”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat Türkiyə və Azərbaycan prezidentlərinin Bakıdakı görüşünə də diqqət çəkib:

“Bakının işğaldan azad olunmasının 100 illiyi ilə bağlı Bakıda iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə paradın keçirilməsindən sonra hədsiz sevindiyim ikinci hadisədir. Həmin parad ona görə önəmli idi ki, bizim dövlət müstəqilliyimiz üçün canından, qanından keçmiş Nuri Paşa komutanlığında qəhrəman türk əsgərinin qarşısında bir vəfa borcumuzu mütləq qaytarmalıydıq. Məhz bunun adı qardaşlıqdır, məhz bunun adı əhdə vəfadır.

Cənab İlham Əliyevin bu cəsur jesti hər cür alqışlanası, təqdirolunası tarixi qardaşlıq addımıdır. Gəliş-gediş üçün viza qonağa, dosta, əcnəbiyə verilə bilər. Qardaş qardaşa evinə gəlib getməyə viza verməz, verməməlidir. Unutmayaq, enində-sonunda bizim yenə də taleyimiz Siam əkizləri kimi Türkiyə ilə birlikdəliyimizdən asılı olacaq. Azərbaycan prezidentinə bu anlamlı, milli maraqlarımıza uyğun və cəsur addımına görə minnətdarlığımı bildirirəm. Türkiyə ilə qardaşlığımıza töfhə verən hər addım alqışlanmağa layiqdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər