Ukraynada prezident və parlament seçkilərini udan Zelenski və komandası əslində siyasi təcrübəsi olmayan şəxslərdir. Hələlik onlar idarə etməyi bacarmırlar. Amma bu komanda korrupsiyaya da qurşanmayıb və təmizdir.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı, ASDP sədri Araz Əlizadə Ukraynada baş verən hakimiyyət dəyişikliyi və yeni hakimiyyətin atacağı addımlar haqqında danışarkən deyib.
Araz Əlizadə xatırladıb ki, Ukraynanın sabiq iqtidar komandasının hamısı korrupsioner olub: “Poroşenko, Abakov, Timaşenko, Qrosman və digərləri korrupsiyaya qurşanmışdı. Qəfildən Ukrayna Avropanın ən kasıb ölkəsinə çevrildi və onlarla oliqarx yarandı. Xalqın mal və mülkini taladılar. Mən düşünürdüm ki. Ukrayna qısa müddətdə Avropanın seçilən dövləti olacaq. Çünki digər sovet respublikalarından fərqli olaraq Ukraynada elmi və iqtisadi potensial daha güclü idi. Amma bir qrup oliqarx bu ölkəni dağıtmaq işinə girişdi.
Qərbi Ukraynada mövcud olan faşist meylləri isə güclənməyə başladı. Əslində onlar azlıq idi. Amma bu azlıq çoxluğu özünə tabe etdi. Vaxtı ilə Bulqakov yazırdı ki, SSRİ-nin ən meşen şəhəri Kiyevdir. Mən uzun illər Ukraynada yaşayan biri kimi bu iddianı qəbul etmirdim. Amma Qərbi Ukraynadan gələn savadsız, qaba azlığın Kiyevin mərkəzində at oynadır, çadır qurur, xalqı aşağılayırdı və onlara kiyevlilər cavab vermirlər, onda Bulqakovun haqlı olduğunu gördüm. İş o həddə gəldi ki, dünya elminə böyük mütəfəkkirlər verən Ukraynada baş nazir ali təhsili olmayan biri oldu. Mən Qrosmanı nəzərdə tuturam”.
Araz Əlizadə qeyd edib ki, hakimiyyətə siyasətdən kənar şəxslərin gəlməsi nə Zelenskinin, nə də onun komandasının xidmətidir: “Bu sadəcə Ukrayna xalqının nifrətinin təzahürü idi. Ukraynalılar köhnə hakim komandadan doymuşdu. Ukraynalıların məşhur sözü var: heç olmasa şən yaşayarıq. Zelenskidən başqa estrada müğənnisi də Səs Partiyasını yaradaraq Ali Radaya düşə bildi. Əslində bu partiyanın sədri Svyatoslav Vakarçukun ABŞ-da prezident kimi hazırlayırdı. Amma Zelenski ortaya çıxanda gördülər ki, onun nüfuzu daha çoxdur. Əslində Zelenski haqda çox şey deyə bilərlər. Ruslar onu daha çox şoumen kimi təqdim edir və düşünürlər ki, bu yolla onu nüfuzdan salacaqlar və əvəzində ruspərəst qüvvələrin nüfuzu artacaq.
Əslində Zelenskinin həm də hüquq təhsili var. Ruslarda bu alınmadı. İndi yeni Ukrayna hakimiyyətinin fəaliyyətinə yaxın 3 ayda izləmək lazımdır. Bundan sonra qəti fikir söyləmək olar. Hələlik yeni komandanın avazı yaxşı gəlir, bəzi addımlar doğrudur. Artıq Kliçkonun Kiyevin rəhbəri vəzifəsindən götürülməsi üçün addım atılıb. Onu deyə bilərəm ki, Ukrayna xalqı yazıqdır və onları düşdüyü bu çətin vəziyyətdən çıxarmaq lazımdır”.