29 İyul 2019 11:13
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyan Ermənistanın baş naziri seçildikdən sonra ölkəsinin təhlükəsizlik konsepsiyasını dəyişməyə çalışır. O, hazırkı konsepsiyanı yararsız hesab edir və o haqlıdır. Çünki 2016-cı il aprel savaşı Ermənistan ordusunda böyük qüsurlar ortaya çıxartdı və hakimiyyətə gələn Paşinyan qüsurları etiraf etmək məcburiyyətində qaldı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, Ermənistanın təhlükəsizlik konsepsiyası 2007-c ildən bu yana dəyişdirilməyib:

“Yeni konsepsiyanın ana istiqamətlərini Paşinyanın yeni təyin etdiyi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan təqdim edib.

Birincisi, yeni konsepisya 2016-cı il aprel müharibəsinin təkrarına yol verməməlidir . İkincisi, strategiyanın əsas şüarı budur: “Peşəkar generallar qələbəni müharibəsiz də əldə edirlər”. Üçüncüsü, yeni strategiyanın əsas komponentlərindən biri də “yumşaq gücdən” (?!) istifadədir.

Paşinyanın məqsədi aydındır, erməni cəmiyyəti müharibə və itki istəmir. Ona görə də Paşinyanın təlimatıyla hazırlanan təhlükəsizlik konspesiyasının 3 ana maddəsində cəmiyyəti sakitləşdirmək üçün müharibə istisna edilir. Ancaq bunun reallaşdırılması mümkün deyil. Çünki “müharibə istəmirəm” tək bir tərəfdən asılı olan məsələ deyil. Əgər sənin qarşındakı ordu kiçik də olsa növbəti hücum əməliyyatı planlaşdırırsa, sən istəməsən belə döyüşə girməlisən, bu isə hər iki tərəfdən itki deməkdir.

Paşinyanın və onun hökümətinin ən qorxduğu da elə budur. Aprel savaşının nəticələri birinci mərhələdə Ermənistan ordusunda ciddi silkələnməyə, ikinci mərhələdə isə Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılmasına gətirib çıxardı. Paşinyan eyni taleni yaşamaq istəmir”.

Elxan Şahinoğlu qeyd edib ki, Paşinyanın planlarını pozacaq yeganə güc Azərbaycan ordusunun növbəti həmləsi ola bilər:

“Bu halda Ermənistanın təhlükəsizlik konsepsiyasındakı hər 3 maddə - “aprel müharibəsinin təkrarlanmaması”, “qələbəni müharibəsiz əldə edən generallar” və “yumşaq güc” mənasız söz yığnağına çevriləcək və İrəvan yeni konsepsiyadan da imtina etməli olacaq.

Ona görə də Bakıdan Paşinyana ciddi siqnallar göndərilməlidir ki, Ermənistan hökumətinin böyük ümidlərlə hazırladığı yeni təhlükəsizlik konsepsiyasının işlək və uzunömürlülüyü işğal faktına son qoyulmasından və bunun əsasında Azərbaycanla sülh sazişi imzalamasından keçir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər