30 İyul 2019 09:45
2 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 27-də Moskvada baş tutan mitinq bir sıra reallıqları ortaya çıxardı. Rusiyada zaman-zaman belə kütləvi tədbirlər olur. Məsələn, 2011-ci ildə 100 minlərlə insan küçələrə çıxaraq yeniliklər tələb etmişdi. Sadəcə təşkilatçılıq zəif olduğu üçün iki mitinqdən sonra insanlar evinə dağılışmışdı. Bu dəfə Moskva Dumasına seçkilərlə əlaqədar 15-ə qədər namizədin qeydə alınmaması paytaxt elektoratını narahat etdi. Rusiyada formalaşan yeni nəsil öz təmsilçilərini hakimiyyət qollarında görmək istəyir.

Bu fikirləri Teleqraf.com-a iyulun 27-də keçirilmiş Moskva mitinqi haqqında danışan Real Partiyasının funksioneri Natiq Cəfərli deyib.

Natiq Cəfərli əlavə edib ki, yerli seçkilərin federal seçkilərdən fərqli olaraq demokratik keçirilə biləcəyi ehtimalını nəzərə alan yeni nəsil öz namizədlərinin çağırışlarına cavab verərək Moskvada ciddi mesaj verdilər: “Diqqət edin, artıq Rusiya Mərkəzi Seçki Komissiyası geri addım ata biləcəyi siqnallarını verdi. Yəni 15-ə qədər namizədin qeydiyyata alınma ehtimalının yüksək olduğu açıqlandı. Məncə, bu, mitinqin nəticəsidir.

İkincisi, Kremli rəhbərliyi, şəxsən Putinin özü də anlayır ki, uzun müddət eyni ritorika və yanaşma ilə cəmiyyəti eyni atmosferdə saxlamaq mümkün deyil. Odur ki, yerli seçkilərdə gənclərin təmsilçilərinin təmin edilməsinə Kremlin imkan verməsi ehtimalı yüksəkdir.

Anlayırlar ki, yerli seçkilərdə narazılıq özünü belə ifadə etsə və bunun nəticəsi olmasa, narazılıqlar artacaq və 2024-cü il prezident seçkilərində daha ciddi hərəkata çevrilə bilər. Bu mənada hesab edirəm ki, Moskvada baş verənlər daha ciddi öyrənilməlidir”.

Müsahibimiz qeyd edib ki, indi çoxlarını Prezident Putinin 2024-cü illə bağlı planları maraqlandırır. Onun fikrincə, 2024-cü ildə prezidentlik müddəti başa çatan Putinin iki fərqli ssenari ilə gedə biləcəyi ehtimal var: “Kremli lideri ya 2024-cü ilə qədər konstitusiyaya dəyişiklik edərək Rusiyanı prezident respublikasından yarıprezident üsul-idarəsinə keçirə, parlamentar sistemi gücləndirib baş nazir kimi səlahiyyətləri əlində cəmləyib davam edə bilər.

Putinin konstitusiyada iki dəfədən artıq prezident olmağa maneə olan maddəni aradan qaldıracağını düşünmürəm. Nəzərə alın ki, bundan əvvəl Medvedevlə yerini dəyişərkən bu addıma getmədi. Deməli, bu dəfə də getməyəcək.

İkinci variant isə Putinin 1-2 ildən sonra varisini elan edərək onun təqdimatını həyata keçirmək və Rusiyada daha rahat keçidin təminatı üçün addımlar atmaqdır.

Moskvada baş verən mitinqlər həm də onu göstərdi ki, Rusiyada potensial etirazçıların sayı artır. Bu, həm iqtisadi, həm xarici siyasətdə yaşanan problemlərlə bağlıdır. Üstəlik, son 5-6 ildə Rusiyada eyni təbliğat aparılırdı ki, ətraf düşmənlərlə doludur, ölkəni çökdürmək istəyirlər və Rusiya buna qarşı sərt addımlar atmağa məcburdur. Amma indi bu ritorikada işləmir. Yəni insanlar hər gün aparılan təbliğatı tam qəbul etmir.

Fikrimcə, Rusiyada yaxın zamanda maraqlı proseslər başlana bilər. Mümkündür ki, Putin tərəfindən dəstəklənən, amma daha liberal siyasi güc meydana çıxsın. Əslində bunun işartıları özünü göstərir.

Rusiyada hakim partiya “Vahid Rusiya” olsa da, Putin bu partiyanın rəhbəri deyil. Əslində Rusiya Xalq Cəbhəsi Hərəkatı yaranıb və Putin bu hərəkatın qeyri-formal rəhbərinə çevrilib. Həmin təşkilatda isə gənclər daha çox təmsil olunur və bu qurum Rusiyanın hər yerinə yayılır.

Mümkündür ki, 2024-cü il seçkilərinə qədər bu təşkilat partiyaya çevrilsin. Məncə, Moskvada baş verən son mitinqdən sonra Kremlin daxili siyasətində müəyyən dəyişikliklər olacaq. Yaxın 3-5 ildə Rusiyanı maraqlı dövr gözləyir. Başqa sözlə, acılıma şərait yaranır.

Yox, əgər Kreml bu acılımdan qorxsa və ya xüsusi xidmət orqanları, hərbi sənaye kompleksi acılımın daha təhlükəli olduğunu düşünsə, bu halda Rusiyanın aqressivləşməsi müşahidə edilə bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər