"Bu gün bölgədə yaşanan gərginliyin, ümumiyyətlə, Ermənistan və Azərbaycan arasında “cəbhə bögəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağvə ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır. Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyildir. Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun 3 üzv ölkəsinin daimi üzvü olduğu BMT TŞ-nin qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Ermənistan XİN-in bölgədə gərginliyin artması ilə bağlı verdiyi açıqlamaya dair KİV-in sualına cavab olaraq deyib.
"Nə qədər ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq tanınmış torpaqlarında mövcudluğunu saxlayır, əfsuslar olsun ki, bu kimi insidentlərin baş vermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir.
Ermənistan XİN-i bir müddət öncə “bir əl ilə danışıqlar aparıb, digər əl ilə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, bu bəyanatdan sonra Azərbaycanın Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərini yaralamışdı. Görünür bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan, digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Xatırlatmaq istərdim ki, Vaşınqton görüşündən sonra Xarici İşlər naziri Elmar Məmmədyarov münaqişənin həlli üzrə aparılan danışıqlar prosesi çərçivəsində bundan öncə də əsas sənədlərin müzakirə olunduğu zaman cəbhə bölgəsində heç də tam sakitliyin hökm sürmədiyini, lakin buna rəğmən danışıqların davam etdirildiyini bəyan etmişdi.
Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdi. Yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırlması, dayanıqlı sülh və əmin-amanlığın, rifahın bərpa olunmasına gətirib çıxaracaqdır".