31 İyul 2019 10:42
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağın “xarici işlər naziri” Masis Mailyan Avstraliyadadır. O iyulun 30-da Avstraliya parlamentində xarici əlaqələr komitəsinin sədri Erik Abetslə görüşüb. Avstraliya parlamentində xarici əlaqələr komitəsinin sədri “erməni soyqırımının” tanınması istiqamətində “böyük fəaliyyət” göstərib. Buna görə də Masis Mailyan görüşdə ona minnətdarlığını bildirib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, görüşdə “Dağlıq Qarabağ Respublikasının Avstraliyadakı təmsilçisi” kimi təqdim edilən Kaylar Mikaelyan da iştirak edib:

“Bundan sonra separatçıların təmsilçiləri ilə Avstraliya parlamentinin digər üzvləri və komitə sədrləri də görüşüblər.

Dağlıq Qarabağın azərbaycanlı icmasına yeni və gənc sədr seçiləndə ümidlənmişdim ki, yenisi fəaliyyətində köhnəsindən fərqlənəcək. Əlbəttə, icma rəhbərinin ingilis dilində müxtəlif videogörüntülər yayınlaması yaradıcı yanaşmadır, səfirlərlə görüşlər də vacibdir. Ancaq bu azdır.

Azərbaycanın sərhədlərini aşmaq lazımdır. Elə separatçıların ardından Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbər heyətinin Avstraliyaya səfərini və oradakı parlamentdə görüşlərini təşkil etmək lazımdır, əsl həqiqətləri bilsinlər.

Azərbaycanın Avstraliyadakı səfirliyi separatçıların bu ölkənin parlamentindəki görüşlərinə mane olmaqda gücsüzdürsə, heç olmazsa Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərinin və üzvlərinin görüşlərini təşkil etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər