1 Avqust 2019 19:16
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin 6 ayında iqtisadiyyatımız 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, kənd təsərrüfatı 13 faiz artıb. Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektorunun payına düşür. İnflyasiya cəmi 2,5 faizdir.

Bunu Teleqraf.com-a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, uğurlu iqtisadi göstəricilər məqsədyönlü siyasətin, təkmil islahatların bəhrəsidir:

“Bu ilin ilk aylarından təsdiqlənən sosial islahatlar paketi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi addımlar kimi dəyərləndirildi. Cənab prezidentin təqdim etdiyi birinci sosial islahatlar paketi nəticəsində minimum əməkhaqqı martın 1-dən 40 faizədək artırılaraq 130 manatdan 180 manata, pensiyaların minimum məbləği isə 40 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Dövlət başçısı İlham Əliyevin ikinci sosial paketini əhatə edən 2019-cu il 18 iyun tarixli sərəncamları bir daha insan amilinə verilən dəyərə işıq salmaqla yanaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların davamlılığını nümayiş etdirdi. İmzalanan 17 sərəncamla minimum əməkhaqqının, müxtəlif sahələrdə çalışanların maaşlarının artırılması təmin olundu. Bu sənədlərə əsasən minimum əməkhaqqının məbləği cari ilin sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çadırılacaq. Dövlət başçısı İlham Əliyev qeyd olunan müşavirədə bir daha diqqəti cari ilin ötən dövründə həyata keçirilən sosial islahatlara yönəldərək bu rəqəmi də açıqlayıb ki, sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir”.

V.Rəhimzadə qeyd edib ki, atılan bu addımlar dövlət başçısının 2003-cü ildə irəli sürdüyü bu hədəfə işıq salır:

“Sosial-iqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır. Eyni zamanda, Prezident İlham Əliyev bu mühüm məqamı da çıxışlarında vurğulayır ki, iqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır. Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə səsləndirilən fikirlər və rəqəmlər bir daha bu hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqlədi. “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik”, – söyləyən dövlət başçısı İlham Əliyev bildirib ki, sosial sahə bizim üçün prioritetdir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir”.

Baş redaktor diqqəti bu günlərdə BMT-nin Nyu-Yorkdakı baş qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Foruma yönəldərək bu mühüm məqamı da açıqlayıb ki, BMT İnkişaf Proqramının insan inkişafı indeksinə görə Azərbaycan “orta insan inkişafı” qrupu ölkələrini tərk edərək, “yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil edilib:

“Həmin forumda Azərbaycanın yoxsulluqla mübarizə sahəsində təcrübəsi təqdir olunub, öyrənilməsinin vacibliyi bildirilib. Son 15 ildə yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi təbii ki, təkmil sosial-iqtisadi islahatların nəticəsidir. İşsizliyin səviyyəsi 5 faizdir. Təkcə cari ilin 6 ayında 60 min yeni iş yeri açılıb. Dövlət başçısı İlham Əliyev daim bu hədəfi açıqlayır ki, yeni iş yerlərinin açılması davamlı olmalıdır. Bu mühüm məqsədi şərtləndirən əsas amil isə ölkəmizin demoqrafik vəziyyətidir. Son 15 ildə əhalinin sayı 1,5 milyon nəfər artıb. Artıq 2019-cu il Azərbaycan tarixinə 10 milyonuncu vətəndaşın dünyaya gəlişi, 10 milyonluq ölkə olmağımız kimi mühüm hadisənin yazılması ilə yadda qalacaq”.


Müəllif: Səxavət Həmid