“Miatsum” (birləşmək) şüarı Dağlıq Qarabağ separatçılarının 1980-ci illərin sonunda səsləndirdikləri ilk şüar idi. Daha sonra bu şüardan imtina etdilər. Separatçılar və onların arxasında dayanan güclər də anladılar ki, “birləşmə”ni beynəlxalq aləm anneksiya kimi qəbul edəcək və separatçılar lazımi dəstəkdən məhrum olacaqlar. Buna görə də separatçılar Ermənistanla birləşmək şüarından vaz keçdilər, dünyanın digər ölkələrindəki separatçılar kimi “müstəqillik” uğrunda mübarizəyə başladılar, torpaqlarımızın sonrakı işğalı da “müstəqillik ideyası” adı altında həyata keçirildi. Ermənistana rəhbərlik edən nə Levon Ter-Petrosyan, nə də qatı separatçılar Robert Köçəryan və Serj Sərkisyan “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını səsləndirmədilər. Onlar da bunu iki mühüm amilə görə etmirdilər.
Teleqraf.com xəbər verir ki, bu fikirlər “Atlas” Araşdırmalar Mərkəzinin hazırladığı analitik yazıda öz əksini tapıb.
Qeyd olunur ki, birincisi, onlar anlayırdılar ki, “birləşmə” ideyası Ermənistanın “Dağlıq Qarabağın Azərbaycandan ayrılması” mübarizəsinin beynəlxalq aləmdəki mövqelərini zəiflədəcək.
İkincisi, “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” ideyasının səsləndirilməsi faktiki danışıqlardan imtina edilməsi, atəşkəsin intensiv pozulması, o cümlədən Azərbaycanla müharibə ehtimalını artırırdı. Ermənistanın keçmiş rəhbərləri bunun qorxusundan hətta Ermənistan parlamentində “Dağlıq Qarabağın tanınması” səsverməsini də hər dəfə təxirə salırdılar”.
Bildirilir ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan sələflərindən fərqli yol seçdi. O çoxdan unudulmuş “miatsum” şüarına qayıtdı və avqustun 5-də (bu tarixi unutmamaq lazımdır) elan etdi ki, “Arsax elə Ermənistandır”. Paşinyanın Dağlıq Qarabağda mövqeləri zəifdir və bölgədə gələnilki “prezident seçkisində” öz adamını kürsüdə oturtmaq istəyir. Paşinyan “Arsax elə Ermənistandır” şüarını bəlkə də bu məqsədlə söyləyib ki, onun namizədi yeni “şüarla” seçki kampaniyasına başlasın.
Nikol Paşinyanın məqsədi nə olursa-olsun səsləndirdiyi “şüarla” qırmızı çizgiləri aşdı. Artıq dünəndən başlayaraq Dağlıq Qarabağda erməni separatçılığının başında dayanan şəxslər də “miatsum” şüarına qayıdışın onlara baha başa gələcəyinə dair ehtiyatlı açıqlamalar verməyə başlayıblar. İstisna etmirəm ki, “Qarabağ klanı”nın lideri Robert Köçəryan da yaxınlarda həbsxanadan Paşinyana təhlükəli oyuna girişdiyinə dair açıqlama verəcək. Vəziyyət nə qədər qəribə olsa da, Köçəryanın bu mövzuda Paşinyan əleyhinə verəcəyi açıqlama bəlkə də münaqişənin başladığı uzaq 1980-ci illərdən bu tərəfə Azərbaycanın gələcək planında əlini gücləndirəcək”.
Yazıda daha sonra “bəs bu vəziyyətdə biz nə etməliyik” sualına cavab axtarılır:
“Birincisi, dərhal beynəlxalq təşkilatlardan Paşinyanın açıqlamasına münasibət bildirilməsi tələb olunmalıdır. Paşinyandan izahat tələb olunmalıdır. Paşinyanın Xankədidəki açıqlamasının təsdiqi də, inkarı da xeyrimizədir.
İkincisi, Azərbaycan XİN Müdafiə Nazirliyi ilə birgə sərt bəyanat yayılmalıdır. Paşinyan Xankəndidəki çıxışı ilə buna qədər olan şifahi razılaşmaların üstündən xətt çəkir, ortada nə “Praqa porsesi”, nə də “Madrid planı” qalır.
Üçüncüsü, əslində Nikol Paşinyan bəlkə də anlamadan Azərbaycan ordusu üçün manevr imkanlarını genişləndirir. Bu şansdan isti-isti istifadə etmək lazımdır. Dünya tarixində müharibələr hansısa yanlış açıqlamadan və hərəkətdən başlayıb. Ancaq bu qərarın verilməsi də asan deyil. Ordunun istədiyi kimi hərəkət etməsi üçün siyasi qərardan əlavə düşmən müttəfiqinə işləyən mexanizm tam neytrallaşdırılmalıdır. Bunu da etməliyik”.