6 Avqust 2019 14:59
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi-iqtisadi kurs, müstəqil dövlətçilik və inkişaf xətti, islahatlar prosesi bu ilin geridə qalan 6 ayı ərzində də uğurla davam etdirilib. Ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafı təmin edilib, makroiqtisadi, ictimai-siyasi sabitlik qorunub, saxlanılıb, möhkəmləndirilib, Azərbaycan sabitlik və təhlükəsizlik adası kimi dünyadakı mövqeyini və nüfuzunu gücləndirib. Cəmi son bir neçə ay ərzində keçirilən tədbirlər - Formula-1, UEFA Avropa Liqasının final qarşılaşması, 15-ci Avropa Yay Oyunları Festivalı, Milli Yaylaq Festivalı və digər nüfuzlu tədbirlər ölkəmizinin inkişafının, sabitliyinin, təhlükəsizliyinin əyani sübutudur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, ilin 6 ayının yekunlarını da müsbət qiymətləndirmək, islahatlar, inkişaf prosesinə yeni nəfəs kimi qiymətləndirmək mümkündür: “Konkret olaraq, ötən dövr ərzində iqtisadiyyatımız 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir və bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı olub”.

Deputat qeyd edib ki, kənd təsərrüfatında da rekord göstərici əldə edilib: “Kənd təsərrüfatı bu ilin altı ayında xüsusilə bitkiçilik hesabına 13 faiz artıb. Məhsuldarlıq da bu il daha yüksək olub. Həmçinin, aqrar sektorda dövlət tərəfindən tətbiq edilən güzəştlər və subsidiyalar bütün təchizatçı şirkətlərə tətbiq edilməkdədir. Verilən məlumatlara görə, bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib. Bunlar da bir daha onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməkdədir”.

Eldəniz Səlimov ticarət dövriyyəsinin 20 faizdən çox yüksəldiyini vurğulayıb: “Qeyri-neft ixracımız 15 faiz artıb. 6 ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artıb. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb. Bununla yanaşı, ölkədə artıq 9 sənaye parkı və məhəlləsi mövcuddur ki, həmin sənaye pakları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident artıq fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən artıq 5,7 milyard manatı faktiki olaraq qoyulub və bu layihələrin yerinə yetirilməsi nəticəsində 11 mindən çox yeni iş yeri açılıb”.

Deputat ölkə prezidentinin tapşırığına əsasən regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması istiqamətində kənd təsərrüfatı üçün vacib olan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması istiqamətində ciddi işlər aparıldığını deyib: “Bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yeri yaradılacaq. İnvestisiyaların təşviqi sahəsində görülən işlər də regionların inkişafına müsbət təsir göstərir və investisiyaların təşviqi mexanizmi uğurlu nəticələr verir. Bu günədək 400-ə yaxın layihə təşviq olunub və onların nəticəsində ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub. Bunların nəticəsində 16 mindən çox yeni iş yerinin açılması artıq reallaşıb. Bununla yanaşı, ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atılıb və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradılıb”.

Valyuta ehtiyatlarımızın rekord həddə olduğunu deyən Eldəniz Səlimov manatın sabitliyini qorunub, saxlanılmasına diqqət çəkib: “Bu müddət ərzində dollarlaşma aşağı düşməyə başlayıb. Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb”.

Deputat bildirib ki, bununla yanaşı, son 6 ayda minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb: “Dövlət başçısının da qeyd etdiyi kimi, biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. İrəli sürülən sosial təşəbbüslər bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər