“Paşinyan “Erməni Oyunları”nda oyun çıxarmağa davam edir. O, oyunların açılış mərasimində dedi ki, damarlarımızda eyni qan axır - Haykın qanı. Bu da yeni bir gedişatdır, indiyədək heç bir erməni rəhbəri bu ritorikadan istifadə etməyib”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.
O, Ermənistan baş nazirinin bu fikirlərinin səbəblərinə toxunub: “Nə gərək var buna? Paşinyan niyə bunu söylədi? Gümanımda qalıram ki, Paşinyanın hakimiyyətdəki durumu heç də yaxşı deyil. Elitaların içində ciddi qarşıdurma var. Bir yandan yenilərlə köhnlər, o biri yandan İrəvanla Xankəndi, başqa bir yandan İrəvanla Moskva, nəhayət, İrəvanla diaspora arasında problemlər arta-arta gedir.
Kilsə bu qarşıdurmaya hələ açıq qoşulmayıb, amma onun da təsiri ola bilər. Paşinyanın dəstəsi indiki katalikosun vəzifədən getməsinə nail olmaq istəyir.
Vaxtilə qədim yunanların öz aralarında savaşları durdurmaq, bütün yunanları birləşdirmək məqsədilə keçirdikləri Olimpiya oyunlarında olduğu kimi, Paşinyan da bütün erməniləri birləşdirmək üçün “Erməni Oyunları”nı keçirir. Yeri gəlmişkən, bu gün keçirilən olimpiadlardan fərqli olaraq, orta əsrlərdə olmuş olimpiadlarda ancaq yunanlar iştirak edə bilərdi.
Qədim yunanların keçirdiyi Olimipiya oyunlarında birləşdirici fiqur Zevs olub, Paşinyan da Hayka istinad edir”.
Erkin Qədirli qeyd edib ki, qədim yunanlar bütün tarixləri boyu biri-birilə savaşıblar, birləşə bilməyib:
“Onları siyasi baxımdan birləşdirə biləcək hekayəni də tapa bilməyiblər. Ona görə, əlacsız qaldıqlarından, dörd ildən bir Zevsin şərəfinə olimpiadlar keçiriblər.
Paşinyanın Hayka istinad etməsi, mənə görə, həm çox maraqlıdır, həm də ermənilərin hekayə quruculuğunda problemlərin yarandığından xəbər verir. “Miatsum”, “soyqırım” və başqa söhbətlər artıq əvvəlki qədər təsirli deyil, deyəsən”.