“Keçən həftənin sonunda Hörmüz boğazında tanker müharibəsi qızışdı, ABŞ qırıcıları İran hərbi gəmilərinin üzərindın uçdu, Yəməndə böyük gücə malik Husilər Səudiyyənin 14 hərbi obyektinə hücum etdi. Nəhayət, ABŞ-da neft buruqlarının sayı azaldı. Hesab edirəm ki, bütün bunlar neftin kəskin bahalaşmasına səbəb olmalı idi”.
Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.
Ekspert qeyd edib ki, ABŞ və Avropa birjaları bağlı olduğu üçün ancaq Asiya birjaları bu proseslərə reaksiya verdi, nəticədə neft 2 dollar bahalaşdı:
“Amma Tramp dərhal dövrəyə girdi, Çinə 10% əlavə gömrük rüsumu tədbiq edəcəyi ilə bağlı açıqlama yaydı. Bundan sonra Çin qəsdən öz yuanını ucuzlaşdırdı ki, ixracatçıları az ziyan görsün. Bu zaman Donald Tramp açıq şəkildə Çini valyuta manipulyasiyasında suçladı, Pekinə qarşı daha kəskin addımlar ola biləcəyini bəyan etdi. Ardınca da ABŞ Enerji Agentliyi neft ehtiyatlarının artdığını, idxalın azaldığını, hasilatın isə yenidən günlük 12,3 mln. barelə qədər artdığını açıqladı.
Trampın açıqlaması və ticarət, valyuta müharibələrinin qızışması neft bazarında panika yaratdı, qiymətlər 7% düşdü. Amma bu gün yenidən 2%-dən çox qalxır”.
Donald Trampın artıq seçki kampaniyasına başladığını bildirən Natiq Cəfərli qeyd edib ki, ABŞ-da seçiciyə ən çox təsir edən amil benzin qiymətləridir:
“Amerikalılar xarici siyasətə qarışmır. Obama 1 qallon benzini 2 dollara salıb getmişdi, Tramp gələndən qiymət 4 dollara yaxınlaşmışdı, indi onun əsas arzusu 1 qallon benzini 2-2,5 dollara salmaqdır. Bunun üçün Şimali Amerika sort neft 40-45 dollar olmalıdır. Bu gün həmin növ neft hələ 52 dollardır, əgər 1 ay belə qalsa benzinin qallonu 3 dollardan aşağı düşəcək.
Başqa sözlə, bu gün dünyada neft qiymətlərinə ciddi və əsaslı, həm də qalıcı təsir edə bilən yeganə ölkə ABŞ-dır. Amerika seçkilərinin 2020-nin payızında olacağını nəzərə alsaq, hələ 1 ildən çox neft qiymətləri ciddi basqı altında olacaq”.