10 Avqust 2019 01:15
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Mərakeş Krallığının Rusiya Federasiyasında yeni təyin olunmuş səfiri Lotfi Buşaarı ilə görüşüb.

Səfirlikdən Teleqraf.com-a bildiriblər ki, həmkarını yeni təyinatı ilə əlaqədar təbrik edən Polad Bülbüloğlu ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb, Rusiya Federasiyasında akkreditə olunmuş diplomatik korpusun duayeni qismində fəaliyyəti barədə ətraflı məlumat verib.

Polad Bülbüloğlu Azərbaycan ilə Mərakeş arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq, cari ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının növbəti Zirvə görüşünün keçiriləcəyini qeyd edib, Mərakeş Krallığının həmin tədbirdə yüksək səviyyədə təmsil olunacağına ümid bəslədiyini söyləyib.

Son zamanlar dünyanın müxtəlif bölgələrində separatçı meyllərin artdığını narahatlıqla vurğulayan səfir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmsöhbətinə ətraflı məlumat verib, ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə Mərakeş dövlətinə təşəkkürünü bildirib. O, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyulmasını tələb edən BMT Təhlükəsizlik Şurası və Baş Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrin icrasının əhəmiyyətini vurğulayıb.

Polad Bülbüloğlu avqustun 5-də Ermənistan baş nazirinin Xankəndi şəhərində səsləndirdiyi populist bəyanatların danışıqlar prosesinə ciddi xələl gətirdiyini diqqətə çatdırıb.

Mərakeş səfiri Lotfi Buşaar Krallığın Azərbaycan Respublikasının suverenliyini tam dəstəklədiyini deyib, münaqişənin tezliklə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına əminliyini ifadə edib. O, 2012-13-cü illərdə Mərakeşin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Azərbaycanla təşkilat çərçivəsində sıx və faydalı əməkdaşlıq etdiyini xatırladıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər