Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Krofts diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə nazir Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişafında səfirin səmərəli fəaliyyətini qeyd edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Bildirilib ki, Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf edir. İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya, nəqliyyat, kənd təsərrüfatı, kiçik və orta biznes, turizm və s. sahələrdə əməkdaşlıq inkişaf edir. Ölkəmizə 28 milyard dollar sərmayə yatırmış Böyük Britaniya Azərbaycanda ən böyük investordur. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 87 faiz artıb, artım tendensiyası bu il də davam edir. Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən 440-dək Britaniya şirkəti qeydiyyatdan keçib. Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq genişdir.
Nazir Şahin Mustafayev Britaniya şirkətləriniAzərbaycanın qeyri-neft sektoruna, nəqliyyat, sənaye, kənd təsərrüfatı, İKT, turizm və s. sahələrə investisiya yatırmağa, sənaye parklarında yaradılmış işgüzar mühitdən yararlanmağa dəvət edib.
Son illərdə Azərbaycanın əldə etdiyi nailiyyətləri qeyd edən edən səfir Karol Krofts ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Böyük Britaniya səfiri ölkəmizdə fəaliyyətindən məmnunluğunu ifadə edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialı vurğulayıb.
Qeyd edək ki, səfir K.Krofts bundan öncə xarici işlər naziri Elmar Məmmədyarovla vida görüşü keçirib.