15 Avqust 2019 09:33
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diplomatik qalmaqal Rusiya ilə Ukrayna arasındakı müharibənin ruhuna uyğun deyil, bu, iki ölkə arasında diplomatik əlaqələrin mövcudluğundan qaynaqlanır. Müharibə qurtarana qədər Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Rusiya ilə Ukrayna arasında yaşanan diplomat böhranını şərh edərkən deyib.

Onun sözlərinə görə, diplomatik münasibətlər problemlərin siyasi yolla həlli deməkdir: “Bir halda ki, müharibə var, siyasi yol avtomatik bağlanır. Onda səfirlərə nə ehtiyac var? Rusiya ilə Ukrayna arasındakı böhran müharibə vəziyyətində diplomatik xidmətlərin öz səlahiyyət dairəsindən kənara çıxıb. Müharibə aparan iki ölkə arasında diplomatik əlaqələrin olması nonsensdir.

Məsələn, bizim Ermənistanla heç bir diplomatik əlaqəmiz yoxdur. Bir ölkə ilə necə müharibə aparırsınız ki, sizin ərazinizdə onun səfiri var, diplomat da təbii ki, öz ölkəsinin maraqlarına uyğun məlumatlar toplamalıdır. Müharibə vəziyyətində toplanan məlumatlar həmin ölkə üçün təhlükə olduğuna görə arzuolunmazdır”.

ADP sədri vurğulayıb ki, Ukrayna Rusiyanın təsir dairəsindən çıxıb, müstəqillik yolu tutub, Avropaya inteqrasiya etməklə gələcəyini Avropanın inkişafı ilə bağlamaq istəyir: “Rusiya isə keçmiş Çar Rusiyası və SSRİ imperiyasının maraqlarını təmin etmək məqsədilə Ukraynanı öz təsirindən buraxmaq istəmir, çalışır ki, Ukraynanın gələcəyini özünə bağlasın. Bu zəmində Krımı ilhaq edib, Ukraynanın şərq bölgələrində açıq şəkildə vətəndaş müharibəsi aparılır, Rusiya bütünlükdə Ukraynanı iqtisadi və digər sahələrdə təhdid edir. Cavab olaraq Ukrayna da Rusiyaya qarşı addımlar atır”.

Sərdar Cəlaloğlu bununla belə Rusiya ilə Ukrayna arasında geniş miqyaslı müharibəni mümkün saymır: “Ukrayna ilə müharibə çox qısa müddətdə dünya müharibəsinə keçə bilər. Çünki Rusiya müharibəyə başlayarsa, Ukraynanın qonşuları olan Polşa, Macarıstan, Bolqarıstan və başqa dövlətlərin hamısının milli təhlükəsizliyini təhdid edəcək.

Ukraynanın Avropa ilə çox ciddi əməkdaşlıq etdiyini nəzərə alsaq, avtomatik olaraq müdaxilə olacaq, müharibənin gedişatında Polşa, Macarıstan, Bolqarıstan milli təhlükəsizliyini qorumaq üçün Ukrayna tərəfindən bu münaqişəyə cəlb ediləcək. Bu, qaçılmaz olacaq.

Ona görə də geniş miqyaslı müharibə təkcə Ukrayna ilə olmayacaq. Rusiya Ukraynaya qarşı açıq şəkildə müharibə aparsa, bu zaman qarşısında ABŞ-ı, Avropa Birliyi, NATO ölkələrini də görəcək”.


Müəllif: Nərgiz