16 Avqust 2019 09:11
2 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan rəhbərliyinin “Qarabağ Ermənistandır” açıqlamasına münasibət bildirdi. XİN-in bu bəyanatında Nikol Paşinyan və Zohrab Mnatsakanyanın bəyanatlarının danışıqlar prosesinə zərbə vurması məsələsi qabardılıb. Habelə bəyanatda bu vəziyyətdə Azərbaycanın danışıqlardan imtina edə biləcəyi öz əksini tapıb. Bu da onu göstərir ki, Azərbaycan hələ də Qarabağ münaqişəsinin dinc yolla həllində maraqlıdır”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Ekspertin fikrincə, Ermənistan Baş naziri Nikol Paşinyan bu bəyanatla Azərbaycana olan ərazi iddiasını açıq-aşkar ortaya qoydu:

“Belə bir vəziyyətdə Azərbaycanın Ermənistana savaş elan etməsi hüququnu özündə saxlayır. Bununla belə, bölgədə geosiyasi maraqları olan güc mərkəzləri var. Azərbaycan bu bəyanatdan sonra münaqişənin gedişatında Ermənistana ciddi təsir imkanları olan Rusiya ilə danışıqlar aparmalı, müəyyən sövdələşmələr əldə etməlidir.

Azərbaycan üçün Qarabağı işğaldan azad etmək üçün başlayacağı anti-terror əməliyyatları zamanı Rusiyanın sərgiləyəcəyi mövqe müstəsna əhəmiyyət kəsb edir.

Unutmaq lazım deyil ki, 2016-cı ilin aprel əməliyyatlarının dayandırılmasında Rusiyanın mövqeyi ciddi rol oynadı. Təəssüflər olsun ki, Minsk qrupunun digər həmsədr dövlətləri də bu məsələdə obyektiv olmadı. Bu amillər də Azərbaycanı münaqişənin həll prosesində daha ehtiyatlı mövqe tutmağa vadar edir. Bu səbəbdən də, məsələnin parlament səviyyəsində həll edilməsi ilə bağlı dövlət başçısına müraciət olunub, cəmiyyətin müharibəyə köklənməsi ilə bağlı açıqlamalar verilir.

Əlbəttə, həmin müraciətləri edən təşkilatlar Azərbaycanın təhlükəsizliyi ilə bağlı məsələlərdə prezident qədər ciddi məsuliyyət daşımırlar. Bu mənada prezidentin sərgilədiyi təmkinli mövqe daha anlaşılandır”.

Elşən Manafovun sözlərinə görə, Paşinyanın bu bəyanatından sonra danışıqların davam etdiriləcəyi ilə bağlı məsələlər müəyyən mənada sual altındadır:

“Çünki belə bir mövqedə olan adamlarla danışıqlara getməyə lüzum yoxdur. Paşinyan o adamdır ki, bir müddət əvvəl Qarabağdakı separatçı rejimin adından danışa bilməyəcəyini demişdi, indi isə fikrini dəyişib “Qarabağ Ermənistandır” deyir.

Fikrimcə, o bununla Azərbaycanı təxribata çəkmək niyyəti güdür. Bu təxribatın da arxasında regionda maraqları olan dairələrin durması istisna deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər