16 Avqust 2019 11:45
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pakistanla münasibətləri inkişaf etdirmək Azərbaycana önəmli qazanclar təmin edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Erkin Qədirli deyib.

Politoloq hesab edir ki, Azərbaycan Kəşmir məsələsinə görə Hindistanla üz-üzə qalan Pakistana dəstək verməlidir:

“Yayılmış xəbərə görə, Pakistanın Azərbaycandakı səfiri Kəşmir məsələsində ölkəmizdən dəstək istəyib. Bu, ölkəmiz üçün arzulanan bir durum deyil. Ümid edək ki, Pakistanla Hindistan arasında son günlərdə yaranmış gərginlik soyuyacaq. Hərçənd bunun ehtimalı çox azdır, çünki Hindistan Kəşmirin xüsusi konstitusion statusunu ləğv edib.

Pakistan ölkəmiz üçün çox önəmli dövlətdir, ona görə bitərəf qalmaq mümkün olmayacaqsa, Pakistanın yanında olmalıyıq, məsələn, BMT-də Pakistanın leyhinə səs verməliyik”.

Erkin Qədirli Ermənistanla münaqişədə Azərbaycana dəstək verən Pakistanın ölkəmiz üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib:

“Pakistanın ölkəmiz üçün başlıca önəmi budur ki, bu ölkə torpaqlarımızın işğalıyla bağlı BMT-nin Təhlükəsizlik Şurasında qətnamələrin təşəbbüskarı olub. Üstəgəl, ölkəmizə hərbi yardım göstərir və Ermənistanı bir dövlət kimi tanımır.

Digər yandan, Pakistanla yaxşı münasibətlərin Azərbaycan üçün əlavə üstünlükləri budur ki, Çinlə münasibətləri yaxşılaşdırmaqla yanaşı, ABŞ-la münasibətlərimizi də gücləndirə bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu